Ədəbiyyat

“Dövlət əmi” – müsabiqə üçün yazdığım kiçik hekayə

Salam, dostlar. Bu yazımda sizə kiçik bir hekayə təqdim edirəm. Bu hekayə Vergilər Nazirliyinin təşkil etdiyi “Ən yaxşı sinopsis” müsabiqəsi üçün yazılmış, bu müsabiqəyə təqdim olunmuş və ilk onluğa layiq görülmüşdür. Müsabiqə haqda burdan məlumat əldə edə bilərsiniz. İndi isə keçək hekayəmə:

Dövlət əmi

Rasim kişi çayını içib ayağa qalxdı. Kiçik nəvəsi Muradı səslədi. Murad ilə anası qonşu otaqdan gəldilər. Rasim kişi üzünü gəlininə tutub dedi:
__Qızım, Muradı geyindir, çıxaq şəhərə bir az gəzək.
__Baş üstə.
__Bir də mənim kartımı da verərsən. Pensiyalar gəlib. Şkafda – eynəyimin yanında olmalıdır.
On dəqiqədən sonra artıq baba ilə nəvə yaxınlqdakı parkda addımlayırdılar. Murad yenə də buranı birinci dəfə görürmüş kimi hər tərəfə diqqətlə baxır, başa düşmədiyi nə isə olurdusa, dərhal babasından soruşurdu. Babası da bir az fikirləşib elə şəkildə cavab verməyə çalışırdı ki, balaca Murad onu anlaya bilsin.
Bir on dəqiqədən sonra isə onlar artıq bankomatdan uzaqlaşırdılar.
__Baba, sən harda işləyirsən?
__Heç harda bala. Əvvəllər işləmişəm. İndi təqaüddəyəm. Yəni işləmirəm.
__Axı atam deyirdi “işləməyənə pul vermirlər”. Sənə bu pulu kim verir?
Gözləmədiyi sual Rasim kişini yenə də duruxdurdu.
__Bu pulu mənə dövlət verir. Cavan vaxtı mən də sənin atan kimi çox işləmişəm. İndi dövlət mənim qayğıma qalır. Deyir: qocalmısan, daha əziyyət çəkmə.
__Dövlət əmi nə yaxşı adamdı, baba.
Babası gülümsədi. İstədi nəvəsinin səhvini düzəltsin, amma özünü çətinə salacağını düşünüb dayandı.
Bir qədər də getdikdən sonra qəzet köşkünə çatdılar. Rasim kişi hər dəfə aldığı qəzetlərdən götürüb pulunu verdi. Nəvəsi üçün də maraqlı bir jurnal aldı. Murad jurnalı götürüb dedi:
__Nə qəşəydi, baba.
__Burda vərəqləmə. Ver mənə, evdə baxarsan.
Yollarına davam etdilər. Birdən Murad yolun o biri tərəfində gedən hərbçini göstərib babasından soruşdu:
__Baba, ora bax, ona bax, onun üstü bulaşıb?
__Yox oğlum, o, əsgərdir. Əynindəki də əsgər paltarıdı.
__Baba, Əsgər əmiyə də o paltarı atası alıb?
__Yox Muradcan. Əsgərə paltarı dövlət verir.
__Dövlət əmi?
Rasim kişi yenə də gülümsədi. Bu dəfə nəvəsinin səhvini düzəltdi:
__Dövlət əmi yox – dövlət.
Murad yenə də sağa-sola baxır, sanki babası üçün yeni bir sual axtarırdı.
Bir qədər də getdikdən sonra, yenidən parka çatdılar. Parkda uşaqların oynaması üçün çox gözəl şərait vardı. Elə Rasim kişinin də məqsədi bu idi ki, Murad burda bir az şənlənsin. Onlar bura bir neçə dəfə gəlmişdilər.
Karuselə tərəf addımlayırdılar ki, Murad yenə babasından soruşdu:
__O tərəfdə, orda əmilər nə düzəldirlər baba?
Babası Muradın göstərdiyi tərəfə baxdı və cavab verdi:
__Orda yeni oyun avadanlığı düzəldirlər ki, sən burda vaxtını daha da şən keçirə biləsən. Görürsən, Murad, dövlət həm qocaların qayğısına qalır, həm də uşaqların. Hamının…
__Baba, dövlət əminin… Dövlətin pulu çoxdu?
__Hə, bala. Bizim dövlət güclü dövlətdir.
__Bəs dövlət əmiyə pulu kim verir?
Yenə gözlənilməz sual idi. Rasim kişi bir qədər  fikirləşib başladı izah etməyə:
__Bax, Murad, atan maaş alanda, dayıların maaş alanda, əmin maaş alanda, adamlar çoxlu pul qazananda, aparıb o puldan dövlət əmiyə də verirlər. Dövlət əmi də yığır bu pulları, qocalara pensiya verir, əsgərlərə paltar alır, park salır, yol çəkir, evlər tikir…
Muradın üzü güldü:
__Babacan, mən də böyüyəndə işləyəcəm. Çoxlu işləyəcəm – çoxlu pul alacam. Dövlət əmiyə də çoxlu pul verəcəm. O da çoxlu park düzəltsin, çoxlu ev tiksin, çoxlu maşın alsın. – Murad ətrafa baxdı ki, görsün sonra nə qaldı deməmiş. Sağa boylandı, sola boylandı. Sonra babasına baxıb davam etdi – Sən də hər gün gedib pensiya alarsan (son).

 

3232 dəfə cəmi, 7 dəfə bu gün baxılıb

One thought on ““Dövlət əmi” – müsabiqə üçün yazdığım kiçik hekayə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir