İmtahanın qiyməti
Ədəbiyyat

İmtahanın qiyməti

Hekayə

1997-ci il. Universitetə sənəd qəbulu. Məktəbin həyətində xeyli adam var. Onlar əsasən, övladlarını gətirmiş valideynlərdirlər. Vəzifələrindən, dünyagörüşlərindən, dini baxışlarından və digər mənəvi və maddi durumlarından asılı olmayaraq, öz övladlarına görə bir məkana cəlb olunmuşlar. Hər bir valideyn kimi, bu insanlar da öz övladlarının gələcəyini firavan görmək istəyirlər. Abituriyentlər üçün isə ali məktəbə qəbul olmaq daha çox şey deməkdir. Bəziləri valideynləri ilə eyni fikirdə olsalar da, elələri də var idi ki, öz yaşıdlarından dala qalmamaq, nəyin bahasına olursa olsun, tələbə adını qazanmaq və daha nələr idi amalları. Məqsədindən asılı olmayaraq, bu işdə valideynləri onların yanında olduqlarını göstərirdlər.

İçəridə sənədləri doldurmaqla məşğul olan övladlarını gözləyən valideynlər də bayırda boş dayanmırlar. Ən azından iki-iki, üçü-üç cəm olub ordan-burdan söhbət edirlər, öz vaxtlarının təhsili ilə indikini müqayisə edirlər. Bir qıraqda, ağacın kölgəsində dayanmış iki valideyn də imtahanın həyəcanından danışırlar. Bir əlini ağaca söykəmiş qalstuklu kişinin danışarkən digər əlini sağa-sola yellətməsi kənardan asanlıqla hiss olunurdu. Və bu da ona özünə əminlik hissi verirdi. Ona qulaq asan adam isə sanki hansısa sözü qaçırmamaqdan ötrü qalstuklu kişinin ağzına baxırdı.

__Onu deyirəm axı, böyük qardaşımın həvəsi yox idi oxumağa. Amma rəhmətlik atam məni oxutdu. Yoxsa inid Allah bilir mən də hardaydım. İndi oğlumu da boş buraxsam, özxoşuna oxumaz. – Əlini ağacdan çəkib digər əli ilə təmizləyib soruşdu: – bəs sizin uşaq necədir? Oxumağa həvəsi var?

__Üzr istəyirəm, bizim uşaq oxumaqdan ötrü sinov gedir. Kitab əlindən düşmür. Çox həvəsi var oxumağa. Mən də hansı jurnalı deyib, alıb gətirirəm ki, təki oxusun. Nəzir də demişəm. Qoy qəbul olsun, həyətdə bir danamız var, kəsib ehsan verəcəm.

__Allah qəbul eyləsin. Bu il də ot yaman baha oldu, danalar da elə bil xəbər tutub – otdan doymaq bilmirlər. Bizdə də ikisi var. Yağıntının az olması…

Bəli, əziz dostlar. Bunlar öz söhbətlərində olsunlar. Biz isə bir az qabağa gedək. Daha doğrsu, bir ay sonraya. Artıq nəticələr çıxıb. Yenə də universitetin həyətində xeyli adam var. Amma bu dəfə onlar gözləmirlər. Gəlib nəticəni öyrənir, sənədlərini alıb gedirlər. Kiminin valideyni gəlib, kimisi özü. Övladı üçün nəzir edən kişi də gəlib çıxdı. Həyətdə onu tanış bir sima qarşıladı. Bu, ogünkü qalstukli kişi idi.

__Ay salaməleykim, – deyə qalstuklu kişi keçdi qabağa. – Dedim yəqin, gəlib getmisiz.

__Əleykümsalam. Hə, bir az gecikdim. Nəticələr çıxıb?

__Sizinkini bilmirəm, amma bizimki çoxdan çıxıb. Bizim uşaq keçdi. Keçdi yox, keçirdim. Sən demə rektor bizim uzaq qohum imiş. – Həmsöhbətinin qolundan tutub o günkü ağacın altına tərəf çəkdi və səsinin tonunu bir qədər azaltdı. – Təsadüfən bazarda rastlaşdıq. Rektoru deyirəm e. Oğluna toy edəcək bu ay. Alışverişə çıxmışdı. Bir də gördüm qaynına deyir ki, qaldı dana. Mən də özümü qabağa verib dedim dana məndə. Əvvəl tanımadı. Nə isə, bura yeri deyil, yəqin özün başa düşdün də. Qaldı uşağın öz insafına. Zəhmət çəkib oxusun.

__Təbriklər. Allah işini avand eləsin. Allah mənim də nəzirimi qəbul eləsin. Mən də öz danamdan keçirəm də. – Ürəyində dərhal fikirləşdi ki, dananı rektora vermək yox, Allah yolunda kəsmək daha gözəl bir işdir. Odur ki, şaqraq addımlarla giriş qapısına doğru irəlilədi.

Qalstuklu kişi onun ardınca səsləndi:

__Tez gəl, yenə birgə gedərik.

…Bəli, artıq onlar maşında gedirlər. Nəzir edən kişi sakitcə oturub. Qalstuklu kişi maşın sürməsinə baxmayaraq, yenə də bir əlini yellədə-yellədə danışır. Yoldaşının əhvalını açmaqdan ötrü bilmir ki, day nə danışsın:

__Hə, belə-belə işlər. Onda deyirsən Allah sənin rüşvətini qəbul eləmədi. Hə, axı sənə keçən dəfə demişdim: Allah rüşvət götürmür, – və başladı yenə gülməyə.

Nəzir edən kişini isə qıdıqlasan da gülən deyildi. Ürəyində iki şeyə görə təəssüf edirdi: biri oğlunun qəbul olmamasına görə, biri də Allaha “rüşvət” təklif etdiyinə görə. Əvvəl savab kimi başa düşdüyü dana indi onun gözündə çirkli pula dönmüşdü. Məqsədinin Allahın razılığı yox, övladının razılığı olmasını düşünərək, utanırdı…

Məhəmməd Budağ   31 yanvar 2019-cu il

1621 dəfə cəmi, 3 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir