Kimdir yalançı (+9)
Ədəbiyyat

Kimdir yalançı (+9)

Hekayə

Avropa. “Çiçəkli bağ” parkı. İlin sona yetməsinə günlər qalıb. Nəvəsini parka oynamağa gətirən mister Smit və onun müsəlman olan qonşusu Danil bir skamyada əyləşiblər. Bəzədilmiş küknar ağacının ətrafında o tərəf-bu tərəfə qaçan uşaqlardan biri ayrılaraq, babasına tərəf gəldi:

__ Baba, ardı necə idi? “Al günəşlə açılır sevincli səhərimiz, qələbəni.., qələbəni…

__ Qələbəni qeyd edir qəhrəman şəhərimiz, – deyə babası ardını tamamladı.

Uşaq da təkrarladıqdan sonra dərhal yoldaşlarının yanına qaçdı. Mister Smit üzünü qonşusuna tərəf tutub dedi:

__ Nəvəmdir. Şaxta baba üçün şeir öyrənir. Atası deyib ki, şaxta baba gələndə bu şeiri desən, sənə planşet verəcəkdir.

Danil başını bulayaraq, öz etirazını bildirdi:

__ Beləcə öz övladlarınızı aldadırsınız. Uşaq olmalarından istifadə edərək, onlara yalan danışırsınız. Onları boş yerə xəyallar qurmağa vadar edirsiniz. Yalançı şaxta babanın sehirli olduğuna inandırmağa çalışırsınız. Hələ üstəlik bu “qüdrətli” babaya məktub da yazmağa şövq edirsiniz. Və illər ötür, bir gün bu yazıq uşaqlar anlayırlar ki, sən demə bunlar hamısı yalan imiş. Sən demə onların məktublarda qeyd etdikləri hədiyyələri valideynləri özləri alırlarmış. Hətta psixoloqlar qeyd edirlər ki, uşaqlar gerçəyi anlayanda, bu, onlara çox pis təsir edir. Hətta onların şok keçirməsinə də səbəb ola bilər. Təəssüf ki, bu uşaqlar da böyüdükdən sonra bu yalanla öz övladlarını aldatmaqda davam edirlər. Bizim dinimizdə yalan böyük günahlardandır. Siz isə yalanı nəsildən-nəslə ötürürsünüz.

Bayaqdan bəri qonşusunu səbrlə dinləyən mister Smit öz aramını pozmadan sözə başladı:

__ Hörmətli Danil. İlk öncə onu qeyd edim ki, yalanı bütün dinlər, eləcə də bizim dinimiz pisləyir. Biz bu kiçik yalanımızla heç kimə xətər toxundurmadan öz övladlarımıza böyük sevinc bəxş etməyə çalışırıq. Onların istəklərini öyrənir, onları dərs oxumaqda, ailədə və cəmiyyətdə yaxşı insan olmaqda həvəsləndirməyə çalışırıq. Biz bu yalanla onları ömür boyu aldatmırıq. Onlar həqiqəti ya məktəbə gedərkən öyrənir, yaxud da özümüz bir gün deyirik. – Mister Smit ona danışmaq üçün bir qədər mane olan şərfini aşağı dartıb davam etdi – bəli, bizim bu babamız yalandandır. Yalançı bir obrazdır. İndi gəlin sizinki ilə müqayisə edək: bizim qəhraman da qocadır, sizinki də. Bizimkinin də uzun saqqalı var, sizinkinin də.

__ Bizimki nədir? Bizdə şaxta baba olmur! – Deyə Danil Smitin sözünü kəsdi.

__Cənab Danil, izn verin sözümü sona çatdırım. Necə ki, mən sizi sona qədər dinlədim, lütfən, siz də məni dinləyin, – deyə Smit xahiş dolu nəzərlərlə Danilin üzünə baxdı. – Bizimkinin də başında papağı və əynində xalatı var, sizinkinin də. Bizimkinin də əsası var, sizinkinin də. Bizimkinin də yolunu gözləyirlər, sizinkinin də. Bizimkinə də məktublar yazırlar, sizinkinə də. Bizimkinin də gələcəyi günü bayram hesab edirlər, sizinkinin də. Arzu və istəklərimizi biz də yazırıq, siz də. Oxşar cəhətləri çox olsa da, fərqli cəhətləri də çoxdur bu şəxslərin. Daha doğrusu, bu fərqlər onlarda yox, bizim düşüncələrimizdədir. Bizim övladlarımız yollarını gözlədikləri bu babaları ilə ildə bir dəfə də olsa, görüşürlər və ondan hədiyyələr alırlar. Və bu istək də onları həvəsləndirir ki, il boyu özlərini ağıllı aparsınlar və yaxşı vərdişlər mənimsəsinlər. Siz isə həlli çətin olan işlərinizi qəhramanınızın gəlişinə saxlayaraq, tənbəlləşirsiniz. Bizim övladlarımızın yazdıqları məktubları oxuyan olur. Valideynlər öz uşaqlarını sevindirməkdən ötəri məktuba cavab olaraq, hədiyyələr alır və istəkləri həyata keçirirlər. Sizin məktubları isə heç oxuyan da olmur. Bizim övladlarımızdan fərqli olaraq, siz böyüdükdən sonra da özünüzü inandırmağa çalışırsınız ki, məktublarınız oxunur, o kişi gələcək və hər şey düzələcək. İndi özünüz düşünün: kimdir yalançı? Bir ömür baş verməyəni inandırmağa çalışan, yoxsa sevindirmək üçün oyun oynayanlar? Siz bizi o qədər günahkar hesab edirsiniz ki, övladlarınızı da bizim keçirdiyimiz şənliklərdən məhrum edirsiniz. Özü də bizim övladları yazıq adlandırırsınız.

Danilin səbri dükəndi və bir qədər həyəcanla dedi:

__ Bəsdirin! Lütfən, bəsdirin!

Özündən asılı olmayaraq, Danilin gözləri dolurdu. O, cəld qalxdı ayağa və Smitin üzünə də baxmadan yeyin addımlarla evləri səmtə getməyə başladı. Bir neçə addım atmamışdı ki, qəfil dayandı və geri dönərək üzünü Smitə tutdu:

__ Cənab Smit, elə bilməyin ki, sizdən incidim. Sadəcə, tələsirəm. Düz deyirsiniz, bizim övladların da haqqı var burda şənlənməyə. Bizi gözləyin, gəlirik…

Məhəmməd Budağ 28 dekabr 2018-ci il

1996 dəfə cəmi, 7 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir