Orucu xurma ilə açmaq savabdırmı?
İslam

Orucu xurma ilə açmaq savabdırmı?

Salam, əziz izləyicilər. Bu yazımda orucluqla bağlı bir məsələyə aydınlıq gətirməyə çalışacağam. İnsanlar arasında belə bir fikir formalaşıb ki, iftar zamanı orucu xurma ilə açmaq savabdır. Ümumiyyətlə, insanlar düşünürlər ki, orucu açmaq məqsədi ilə yeyilən və ya içilən qidanın əhəmiyyəti böyükdür. Bəzi adamlar deyir ki, hətta evdən uzaqdasansa, yeməyə və içməyə bir şey yoxdursa, orucu siqaretlə də açmaq olar. Gəlin düşünək: iftar vaxtı orucumuzu açsaq nə olur, açmasaq nə olur? Orucumuzu açmasaq, oruc pozulurmu? Cavab olaraq bildirmək istəyirəm ki, orucu iftar vaxtına qədər, yəni, şam azanınacan “qoruyub saxlaya bilmişiksə”, orucumuz qəbula yetər (Allahın icazəsi ilə). Daha dəqiq, orucun da tərifinə nəzər salsaq, görərik ki, oruc tutmaq – əslində, orucu pozan işlərdən sübh azanından şam azanına qədər çəkinməkdir. Odur ki, şam azanı verildisə, bizim orucumuz tamamlanmış sayılır. İstər su içək, istər xurma yeyək, istərsə də ac qalmaqda davam edək. Orucumuza artıq aidiyyatı yoxdur.

Bəs onda nə üçündür iftar? Nəyə görə deyirlər ki, məhz xurma savabdır? Nəyə görə sevgili peyğəmbərimizin də xurma ilə oruc açmağın savab olduğunu söylədiyini deyirlər? Ümumiyyətlə, təbiətdə bir çox qidalar vardır ki, insan orqanizminə müxtəlif cür təsir edirlər. Xeyirli, daha xeyirli və hətta zərərli qidalar vardır. Xurma da onlardan biridir ki, insan orqanizminə, xüsusilə də ac və zəif olan bədənə çox xeyirli olması ilə tanınır. Bəli, xurmanın oruc insana xeyri çoxdur. Nəzərə alsaq ki, iftar zamanı orqanizmimizi birdən-birə yükləməyimiz məsləhət görülmür, onda xurma ideal qidadır ki, biz kiçik miqdarda qəbul etsək də bədənə böyük kalori vermiş oluruq. Xurmanın orqanizmə, xüsusilə, boş mədəyə faydalarını yazsaq, uzun olar. Ümumiyyətlə bir çox qidalar vardır ki, onların insan orqanizminə faydalarını və tərkibindəki zəngin mikroelementlərini yazsaq, səhifələr tutar. Hər hansı bir meyvənin və ya tərəvəzin faydalarını Google axtarış sistemində axtarsanız, o qədər zəngin məlumatlar taparsınız ki, Uca Allahın yaratdığı ruzilərə görə şükür edərsiniz. Bəs nə üçün məhz xurma? Ümumiyyətlə, gəlin görək, xurmanı niyə bizə bu qədər tərif edirlər? Və nə cür tərif edirlər?

Xurma daha çox İran, İraq, Ərəbistan kimi müsəlman ölkələrində bitir. Hətta xurmanı ərəblərin səhra çörəyi də adlandırırlar. Xurma haqqında Quranda da söhbət açılır. Cənnətin tərifi zamanı orda minnətsiz olaraq xurma meyvələrinin də olacağı vurğulanır. Çünki, ərəblər, eləcə də müasir tibb elmi xurmanın necə faydalı və dadlı olduğunu yaxşı bilir. Deyirlər ki, peyğəmbər də orucunu xurma ilə açarmış. Əlbəttə ki, xurma bu qədər faydalıdırsa, peyğəmbərimiz niyə onunla iftar etməsin? Amma təəssüflər olsun ki, bunu bəzi işbazlar sui şəkildə insanlara çatdırmaqla öz xurmalarının qiymətini qaldırmağa çalışmışlar. Hətta xurma ilə oruc açan şəxsin ibadətinin digərlərindən daha çox savab olduğunu da peyğəmbərin dilindən deməyə çalışırlar.

Doğrudur ki, xurma ilə iftar etmək çox faydalıdır. Amma “faydalı” sözünü götürüb “savabdır” sözü ilə əvəz etmək haqsızlıqdır. Savab onda olar ki, xurmanı ehsan edəsən. Yoxsa, tərif edib baha qiymətə satmayasan. Xurma satan və ixrac edən ölkələr xüsusilə ramazan ayında daha çox gəlir əldə edirlər. Bu il (2019-cu il) İranda xurma o qədər (təxminən 6 dəfə) bahalaşıb ki, hökumət xurma ixracına qadağa da qoyub. Bu mövsümi bahalaşma da onun göstəricisidir ki, bu xeyirli qidadan savab yox, gəlir əldə etməyə çalışırlar. Və bu işdə də insanların zəif xüsusiyyətlərindən istifadə edirlər.

Yekun olaraq bildirmək istəyirəm ki, imkanınız varsa, iftar süfrəsində yemək və ehsan etmək üçün xurma almağınız çox yaxşı olar. Hətta qeyri ramazanda da xurma almaqla özünüzü və övladlarınızı təbii vitamin və enerji mənbəyi ilə təmin edə bilərsiniz. Bunu orqanizmə faydası olduğu üçün istədiyiniz gün edə bilərsiniz. Mollaların dini rəmzə çevirdikləri xurmanın məclis təamı kimi başda olması vacib deyil. İmkan daxilində bu meyvəni başqası ilə də əvəz edə bilərsiniz. İran, İraq və Ərəbistan dövlətləri istəyər ki, din sarıdan onlardan asılı olduğumuz kimi iqtisadi cəhətdən də onlardan asılı olaq.

Allah hər birimizə dünya və axirət nemətlərindən qismət etsin.

Sual: Allah bu qədər meyvənin içərisində Quranda xurmaya da yer ayırıbsa, müqəddəs meyvə deyil? Onu yemək savab deyil?

Cavab: Allah Quranda zəqqum ağacının meyvələrindən də söz açır. O deməkdir ki, o da savabdır? Allah cənnəti insanlara (xüsusilə də ərəblərə) tərif edərkən, onların qiymət verdikləri maddiyyatla təsvir edir ki, insalar anlaya bilsinlər. Əgər cənnətdə pulsuz vayfay olacağı deyilsəydi, o vaxtkı insanlar bunun mənasını başa düşməyərək əhəmiyyət də verməzdilər. Əgər xurma yemək savab olsaydı, bizim camaat deməzdilərmi ki, niyə Allah xurmanı ərəblərə verməklə savab qazanmaq şansını onlara bizdən çox verib? Allah ədalətlidir.

2508 dəfə cəmi, 3 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir