«Qaloş piri»ndən yazanlar
İslam

“Qaloş piri”ndən yazanlar

Salam, əziz oxucular. Bu yazımızda sizə son günlərdə aktual olan “qaloş piri” haqqında deyil, “qaloş pirindən” yazanlar haqqında yazmaq istəyirik. Nəyə görə Azərbaycanda bir cahil hadisə, küfr hərəkət bu qədər səs-küyə səbəb oldu? Məgər bu vaxta qədər küfr edən olmamışdımı? Bu qədər informasiya vasitələri indi gördülərmi bu cür hadisəni? Bu qədər ilahiyyatçılar, dindarlar indi xəbər tutdularmı belə bir hadisədən? Bunu tənqid edən insanlar hamısı pakdırlarmı?

Hər zaman xurafatı, cəhaləti, küfrü tənqid edən və maarifləndirməyə çalışan insanları çıxmaq şərti ilə bu dəfəki insanların əksəriyyəti reytinq xatirinə bu hadisəni işıqlandırmağa çalışdılar. İnformasiya vasitələri kiçik bir videonu biri-birilərindən köçürərərək gündəmə gəlmək istədilər. Veb saytlar, televiziya kanalları, radio və qəzetlər möcüzə tapmış kimi xəbərlər yaydı və çoxu da öz xəbərini gücləndirmək üçün ilahiyyatçı və dindarlara müraciət etdilər. Ölkənin dindarları da sanki bu hadisənin kölgəsində “mən də varam” deməyə çalışdılar.

Bəli, azğınlığı qınamaq lazımdır. Amma bundan sui istifadə etmək də lazım deyil. Əgər həqiqətən də bu informasiya vasitələri cəhalətdən, dinsizlikdən, günahdan yazmaq istəyirlərsə, dindarlarımız da “doğru yol” göstərmək istəyirlərsə, bunu hər gün etsinlər. Çünki, buna oxşar hadisələr hər gün yaşanır. Məhz bu hadisənin üzərində ona görə bu qədər dayanıldı ki, bu xəbər ilə insanların diqqətini daha çox cəlb etmək mümkün oldu. Daha çox kinayə edilsin deyə ad da fikirləşdilər – “qaloş piri”.

Əgər bu işin böyük günah olduğunu əsas gətirirsinizsə, onda rüşvətdən də danışın. Qeybətdən də danışın. Haram ticarətdən də danışın. Abortdan da danışın. “Ağvalideynlik”dən də danışın. Bir ucu da əcnəbi turistlərə bağlanan zinalardan da danışın. Quranda günah olduğu deyilən əməl təkcə şirk (şərik qoşmaq) deyil. Sözügedən hadisə həmin həyətdə ildə bir neçə gün və bir qrup şəxs tərəfindən icra edilirsə, yuxarıda yazdığım günahlar hər gün, kütlə tərəfindən icra edilir. Əgər ədalətlə mühakimə ediriksə, bu günahları da tənqid etməliyik. Əgər həqiqətən də müsəlman həmyerlilərimizin halına acıyırıqsa, etdikləri bütün günahlardan çəkindirməyə çalışmalıyıq.

Quranda müsəlmanlara haram buyrulan əməllərdən biri də şərabdır. Hakimiyyətin də iqtisadi baxımdan mənffətli sahə hesab etdiyi şərabçılığın niyə günah olduğunu demirsiniz? Allaha şərik qoşan insan özünə zülm etdiyi halda, şərab içən şəxs özünə də, ailəsinə də, ətrafındakılara da zülm edə bilir. Cinayətlərin bir hissəsi, yol qəzalarının çoxu məhz bu əməl üzündən olmurmu? Dövlətin qanunları vətəndaşlar tərəfindən rüşvət vasitəsi ilə pozulmurmu? Xalqın malı korrupsioner məmurlar tərəfindən oğurlanmırmı? Rüşvət verərək öz işini qabağa salan vətəndaş başqalarının haqqına girmirmi? Dövlətin ayırdığı pulu oğurlayan məmur xalqın malını oğurlamış sayılmırmı? Qeybət edən, böhtan danışan şəxs fitnə-fəsad yaratmırmı? Valideynlərinə zülm edən şəxs insanlığa zülm etmirmi?

Əgər cahiliyyət dedikdə islamdan qabaqkı ərəblər göz önünüzə gəlirsə, bir az da özümüzü göz önünə gətirin. Ərəblər qız övladlarını diri-diri basdırdıqları kimi biz də qız övladlarımızı ana bətnindəcə öldürürük. Məgər Allah demirmi ki, bir canı haqsız yerə almaq bütün bəşəriyyəti öldürmək kimidir? Qaloş pirini qınayanların içərisində qız övladını abort edən az insan varmı? İlahiyyatçılar bu mənfur əməldən niyə danışmırlar? Kütləvi informasiya vasitələri niyə sözü bir yerə qoyub bu əməlin günah olduğunu hamılıqla təbliğ etmirlər? Şərabın reklamını edən televiziya kanalları bu işin də günah olduğunu bilmirlərmi?

Tolerant bir ölkədə vətədaşlar bütpərəstliyi də seçə bilərlər. Əgər sivil, dünyəvi ölkədə İslam haqqı tələb edirsinizsə, onda birinci öz ailənizdən başlayın. Həyat yoldaşlarınızın (və ya özünüzün), övladlarınızın geyimi Allah buyurduğu kimidirsə, ibadətləriniz müsəlmana yaraşandırsa, bundan sonra başqalarının ibadətini qınayın. Gəlin hər işdə ədalətli olmağa çalışaq – tərifləyəndə də, qınayanda da. Reytinqli olmağa yox, imanlı olmağa çalışaq.

2302 dəfə cəmi, 13 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir