Qanvermə aksiyası
İslam

Qanvermə aksiyası

Olmadıq mane əgər qətli-Əli Əsğərə biz,
Barı qan verək bir az xəstələr üçün hərəmiz.

Məhərrəmlik ayında, xüsusilə də Aşura günü özlərini imam Hüseyn aşiqləri adlandıran şəxslər – əzadarlar öz canlarına əziyyət verməklə, qan çıxarmaqla aşiqlərinə, yəni imam Hüseynə yaxınlaşdıqlarını zənn edirlər. Gəlin real düşünək: Biz özümüzə zülm etməklə imama hansı xeyri vermiş oluruq? Əvvəla bu gün bizi imam Hüseyndən 1339 il ayrı salıb. Bizim ona vermiş ola biləcəyimiz xeyir birbaşa deyil, bilavasitə ola bilər. Və bu vasitəni də bir azdan qeyd edəcəyəm.

Bizim bədənimizdən axan qan İmam Hüseynə çatırmı?

Allah yolunda kəsdiyimiz qurbanın nə ətinin, nə də qanının Allaha çatmadığı və Allaha çatan yalnız bizim təqvamız olduğu halda (Həcc-37) biz niyə bədənimizdən axan qanın imam Hüseynə çatdığını iddia edirik? Məgər imam Hüseynə xatir də təqvalı olmaq yaxşı olmazdımı?

Məsumlara məsumlar vasitəsi ilə yaxınlaşaq.

Kərbəla döyüşündə imam Hüseynin körpə balasını – Əli Əsğəri də şəhid etdilər. Bizim bu gün öz canımızla edə biləcəklərimiz körpə Əlini geri qaytara bilərmi? Xeyr. Amma bu gün biz elə bir iş görə bilərik ki, Əli Əsğər kimi həyatı təhlükədə olan körpələrin ömürləri uzansın. Əli Əsğərə düşmənin vermədiyi su kimi bugünkü hemofiliyalı, talassemiyalı xəstələrə qan lazımdır.

Aşura gününə qayıdıb Əsğərə su vermək imkanımız olmasa da, bu gün öz Əsğərlərimizə, Ruqayyələrimizə qan verə bilmək imkanımız vardır. Nəzərə alsaq ki, körpələr, uşaqlar məsumdurlar, onda məsum imamımıza onların vasitəsi ilə yaxınlaşa bilərik.

Doğrudanmı qanlarımızı satırlar?

Qanvermə aksiyasından söz düşən kimi bəzi fitnəkarlar dərhal şübhə toxumları səpərək insanları bu işdən soyudurlar. “Allahşükür yığılan qanları satır” deyərək insanlarda bu işin səmimiliyinə, şəffaflığına şübhə yaradırlar. Əgər özünü müsəlman adlandıran şəxs sübutsuz olaraq başqa bir insan haqqında böhtan deyirsə, bu, özü böyük günahlardandır. Nəzərə alsaq ki, elə bu qanvermə aksiyalarının təşkilinə şeyximiz özü dəstək verir və hər il də özü qan verir, onda bu şəxsə hələ təşəkkür düşür. Hacı Allahşükür Paşazadənin uğurudur ki, bu qanvermə aksiyasına Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də qoşulurlar.

Cənnət vədi

Bəzi əzadarlar oxuduqları və eşitdikləri bəzi hədislərə əsaslanaraq düşünürlər ki, bədənlərindən axan qan onların cənnətə düşmələri üçün bir vasitə olacaqdır. Hansı qan? Bədəndən çıxan və heç bir işə yaramayan bir qan? Qan kimi murdar hesab olunan şəraba nəzər yetirək: Uca Allah içki və qumar haqqında buyurub: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür” (Bəqərə-219).

Günahı mənfəətindən çox olan bir əməldən imtina etməyimiz buyrulduğu halda yalnız günaha səbəb olan bir əməldən niyə imtina etməyək? Bu əməlin günah olmasına səbəb isə öz əlimizlə özümüzü təhlükəyə atmağımızdır ki, Uca Allah bizə bunu etməməyimizi əmr edib (Bəqərə-195).

Amma qanımızı təhvil versək isə insanlara qısa müddət də olsa, həyat vermiş olacağıq. Unutmayaq ki, bir nəfəri ölümdən xilas etmək bütün insanları xilas etmək kimidir (Maidə 32). Odur ki, imama və övladlarına verə bilmədiyimiz həyatı bugünkü məsumlara verək.

Kaş bu gün, bu dəmdə, oleydım Kərbəladə.
Aleydım Hüseyn qanın, öleydim Kərbəladə.

Kərbəladə ölmək üçün çox gecikmişik. İmamın qanını almaq üçün isə öz qanımızdan vermək imkanımız var bu gün. Necə ki, deyirlər Zəhra anamız qiyamətdə əlində İmam Hüseynin qanlı köynəyi ilə gələcək, bizim də imkanımız var ki, qiyamətdə insanlar üçün verdiyimiz qan kisələri ilə gələk. Və imama üz tutub deyək: Sənə xatir verdim bu qanı, ya Hüseyn. Kərbəladə səninlə çiyin-çiyinə döyüşmək imkanım olmadı, Əsğərin həyatını qurtarmaq imkanım olmadı, başqa əsğərlərə verdim qanımı.

Kiçik bir uşaq üçün istəyirdim ki, qan verəm,
Dedi ayrıdır adım, nə olsun, mən də əsğərəm.

Məhəmməd Budağ Tarix: 30 avqust 2019-cu il

331 dəfə cəmi, 24 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir