Ruhların özbaşınalığı
İslam

Ruhların özbaşınalığı

Salam, əziz oxucular. Məqaləmin adı diqqətinizi çəkdi? Ruhların özbaşınalığı maraqlı gəldi sizə? Nəyə görə bu cür ifadə etməyimi bilmək istəyirsiniz? Elə isə, gəlin ilk növbədə ruh barədə ilkin tanışlığa cəhd edək. Bir çox dinlərdə ruh anlayışı var. Eləcə də İslam dinində ruh anlayışı var. Hətta bəzi müsəlmanlardan ruhu inkar edənlər də var. Bəziləri isə insanda üç ədəd fərqli ruhun olduğunu qeyd edirlər. Ümumiyyətlə, ruh mövcuddurmu? O, necədir? Ən dəqiq məlumatı hardan və ya kimdən əldə edək?

Əlbəttə ki, biz İslam dinini doğru din sayırıqsa, bu dinin doğru kitabı olan Qurani kərimə əsaslanmalıyıq. Həmçinin insanların təfəkküründə mollaların və xurafatın fikirləri də yer aldığı üçün onlara da müraciətimiz olacaq. Gəlin görək Allah özü ruh barədə nə deyir:

“Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”.

Bu müraciət İsra surəsinin 85-ci ayəsində Uca Allahın peyğəmbərə verdiyi cavabdır. Ayədən görünür ki, insanlar peyğəmbərdən ruh barədə soruşublar. Allah da cavab olaraq, peyğəmbərə ruhun olmadığını inkar etməyib. Əksinə, ruhun varlığını və onun Allahın əmrində olduğunu bildirir. Tək bu ayə ilə də məqaləmizi tamamlaya bilərik ki, ruhlar özbaşına ola bilməz. Bəs nə üçün ruhların özbaşınalığı ifadəsini işlətmişəm? Məgər mənim bu ayədən xəbərim yox imiş? Əslində bu ifadənin hardan formalaşdığını, və yanlış olduğunu izah etmək üçün yazıram bu məqaləni. Ayənin sonunda ruh barədə az məlumat verildiyi də bildirilir.

Bu az olan məlumatlarda qeyd olunur ki, Allah Adəmi torpaqdan yaratdıqda da ona ruh vermis, sonradan insanları yaratdıqda da onlara ruh vermişdir:

“Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”” (Sad surəsi – 71-72-ci ayələr)

“Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!” (Səcdə surəsi – 7-9-cu ayələr)

Təəssüf ki, insanların zehinlərində ruh barədə müxtəlif dinlərdən, müxtəlif işbazlardan və savadsız mollardan keçmə çoxlu yanlış məlumatlar vardır. Heç kim ruhların özbaşınalığını açıq şəkildə ifadə etməsə də mollaların və özlərini ekstrasens adlandıran şarlatanların sözlərinə inansaq, belə qənaətə gələ bilərik.

Misal üçün, mollalar deyir ki, ölən adamın ruhu hər cümə axşamı gəlir öz yaşadığı evə. Məgər ruh özbaşınadır ki, istədiyi yerə gedə bilsin? Məgər o (ruh) Rəbbimizin əmrində deyilmi? Hətta müqəddəs ruhlardan sayılan Cəbrailin də özbaşına olmadığı Quranda öz əksini tapır:

“O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər.” (Qədr surəsi – 4-cü ayə)

Əgər insan yaradıldıqda, ona ruh üfürülürsə, bəs öldükdən sonra bu ruh hara gedir?

“Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!” (Zumər surəsi – 42-ci ayə)

Ayəyə fikir versəniz, görərsiniz ki, ruhun bədənə daxil olması da, bədəndən alınması da Uca Allahın iradəsi ilədir. Yəni, insan ruhunun bədəndən çıxmasını və qayıtmasını öz istəyi ilə edə bilməz:

“Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.” (Nəhl surəsi – 61-ci ayə)

Bəzən insan xəstəxanada koma (ölü) vəziyyətində olduqları vaxt həkimlərin bütün səylərinə baxmayaraq, insan komadan ayılmır – ruh bədənə qayıtmır. Əgər ruh özbaşına olsaydı, heç olmasa, bircə anlığa qayıdıb öz qatilini (əgər qətlə yetirilibsə) deyərdi. Yaxud da öz əcəli ilə ölən şəxs vəsiyyətini demək və ailəsi ilə vidalaşmaq üçün yubanardı.

El arasında qızdırması və üşütməsi olan şəxs barədə bəzən belə bir söz deyirlər: yəqin, kiminsə rufu tutub. Ruf tutmaq nədir? Ruh tutmaqdırmı bu?

Əgər ruhun özbaşına olmadığına inanırıqsa, deməli, ruhun kimisə tutmasına, təsir etməsinə də inanmamalıyıq. Təəssüf ki, insanların bəziləri hələ də xəstələndikdə ruf ölçənlərə müraciət edirlər. Acınacaqlısı budur ki, bu rufölçənlər xəstəni kimin (hansı ölmüş qohumunun) rufunun (ruhunun) tutduğunu və o ölmüş şəxsin də nə istədiyini deyirlər. Yaylıq və əl hərəkətləri ilə edilən bu hoqqabazlıqda həzrət Fatimə anamızın adını hallandırmaqdan da utanmırlar. Diqqət etsəniz, görərsiniz ki, xəstəni tutan ruf ya aş istəyir, yaxud da Quran. Bunların hər ikisinin mollaya xeyri var ki, birində qarnı dolacaq, digərində cibi. Elə məhz bu səbəbdəndir ki, mollalar ruhların cümə axşamı günü evlərinə səfər etmələrini və həmin gün də evdə qazan asmağın və Allah kəlamlarının oxunmasının ölülər üçün xeyirli olmasını insanlara çatdırırlar. Bəzi mollalar ruhun öz evinə gələn vaxt razı qalmasından ötrü evdə xörək bişirilməsini, xoş iy çıxmasını təbliğ edirlərsə də bəzi mollalar isə ruhun qidasının ancaq oxunan Quran olduğunu bildirirlər.

Bütün bunlara inansaq, belə çıxır ki, ruhlar görür, eşidir, gəzir, sevinir, kədərlənir. Hətta bəzi ekstrasenslər ruhların onlarla danışmalarını belə iddia edirlər. Gəlin aydınlaşdırmağa çalışaq: Allah görməsi üçün insana göz verib. Bu görmə “aparatı xarab olduqda”, insan görə bilmir. Nəzərə alsaq ki, diri insan həm bədəndən həm də ruhdan ibarətdir, onda gözü kor olan insan ruhu ilə görsün. Bu mümkündürmü? Bəs eşitmə aparatı saydığımız qulağımız kar olanda ruhumuzla eşidə bilərikmi? Bəs ölən şəxs ayələri necə eşidir? Ruh eşitmirsə, qulaq da qəbirdə çürüyübsə, bu qədər oxunan Qurana kim qulaq asır? Beyin sirkələnməsi zamanı bəzən insan yaddaşını itirir. Bu zaman o, ruhunun yaddaşından niyə istifadə etmir? Bunları əsas götürərək, deyə bilərik ki, yerdəyişmə,  görmə, eşitmə və sair duyğular üçün ruhun da bir bədənə ehtiyyacı vardır. Məsələn, ağrını – cəhənnəm odunu kafirlər bədənləri ilə dadacaqlar:

“Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.” (Nisa surəsi – 56-cı ayə)

Yekun olaraq onu deyə bilərəm ki, ölmüş şəxslərin ruhlarının insanlara təsiri mümkünsüzdür. Həmçinin, bizim o ruhlara təsirimiz mümkünsüzdür. Çünki, insanlar öldükdən sonra bu dünyaya təkrar qayıda bilmələrinə mane olan bərzəx vardır.

““Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.” (Muminun surəsi – 100-cü ayə)

Odur ki, əziz oxucu, gəlin nə qədər ki, canımız (ruhumuz) bədənimizdən çıxmayıb, yaxşı əməllər edək. Allaha ibadət, valideynlərə, qohumlara, imkansızlara yaxşılıqlar edək. Sonra buna imkanımız olmayacaq.

Qeyd: Quran tərcümələri www.quran.az saytından götürülmüşdür. Tərcümələr Əlixan Musayevin və Ziya Bünyadov ilə Vasim Məmmədəliyevindir.

Məhəmməd Budağ

2734 dəfə cəmi, 39 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir