İlanlardan müdafiə
Təsərrüfat

İlanlardan müdafiə

Həyətlərdə ilanlardan müdafiə və ilan sancması zamanı ilk tibbi yardım

Respublikamızın iqlim qurşağını nəzərə alsaq, asanlıqla deyə bilərik ki, ölkəmizin hər bir yerində ilanlara rast gəlmək mümkündür. Başqa isti ölkələrlə müqayisədə bizim ölkədə zəhərli ilan növləri az olsa da hər birimizin qarşısına çıxa bilmə ehtimalı var. Xüsusilə, onlar cütləşdiyi vaxtda – may ayında daha aktiv olurlar. Bəs elədirsə, ilanlardan özümüzü necə qoruyaq?
Bunun üçün bir çox üsullardan istifadə edə bilərik.

1. Sürünənlərə qarşı hasar

Uça bilməyən canlıların qarşısını hasarla kəsmək olar. O cümlədən də sürünənlərin. Bu canlılar üçün çox hündür hasar çəkməyə ehtiyac yoxdur. Hündürlüyü 1 metr olsa və torpağın altına da 15-20 sm basdırılsa, bu cür hasardan sürünənlər keçə bilməz. Ucuz başa gəlməsi üçün hasarı xırdagöz tordan da çəkmək olar. Hasar şaquli şəkildə və üzəri hamar (relyefsiz) olmalıdır ki, sürünənlər üzərinə çıxa bilməsinlər. Həmçinin ilanların gələ biləcəyi yerlərə yun (heyvan tükü) qoyulmasının faydalı olduğu bildirilir. Bəzi xalqların inancına görə meşəyə gedərkən yun corab geyinmək lazımdır. Bizim inanclara da nəzər salsaq, görərik ki, həyətə duz-çörək qoymaqla ilanların geri qayıdacağı güman edilir.
Həyətdəki boş sahələrin şumlanmasının və suvarılmasının da ilanlar üçün xoşagəlməz keçid olduğu bildirilir.

2. Tör-töküntüyə yol verməmək

Həyətdə olan materiallar, bitki qalıqları və digər əşyalar ilanların və digər sürünənlərin sığınacaq yerinə çevrilə bilər. Gəlin fikir verək: təhlükə yarandıqda, sürünənlər quş kimi uça bilmir, ayaqlı canlılar kimi qaça bilmir. Onların çıxış yolu sürünərək özlərini hansısa maneənin altına salmaqdır. Bu cür maneələr nəinki ilanların qorunma yerinə, hətta daimi yaşayış yerinə də çevrilə bilər. Odur ki, həyətdəki əşyaları – ağac budaqlarını, çəlləkləri, şifer lövhələrini, oduncaqları və sair materialları qısa müddətdə istifadə olunmayacağı halda kənarlaşdırmaq lazımdır. Əgər saxlanılması lazımdırsa, onda ətrafını çəpərləmək lazımdır ki, sürünənlər yaxınlaşa bilməsinlər.

3. İlanları cəlb edən qidalar

Bütün canlılar kimi ilanlar da qida tapmaqdan ötəri səy edirlər. Onların qidasının əsas hissəsini həşəratlar və gəmiricilər, eləcə də quş balaları və yumurtaları olduğu üçün buna görə həyətlərə baş çəkə bilərlər. İlanların elə növləri var ki, öz gəmiricilərin temperaturunu kilometrlərlə məsafədən hiss edə bilirlər. Odur ki, ilanlarla mübarizədə ilk növbədə, onların “qidaları” ilə mübarizə aparmaq lazımdır. Həyətləri və damları siçanlardan və həşəratlardan qorumaq üçün proflaktiki tədbirlər görmək lazımdır. Kiçik həşəratlar otların altında, ağac qalaqlarının arasında və kol-kosda daha çox olduğundan bu cür həşərat məskənlərini səliqəyə salmaq və dərmanlamaq lazımdır. Toyuq hinlərini və cücələr saxlanılan damları açıq saxlamamaq lazımdır. Bəzən də ilanlar hansısa təbiət hadisəsindən (zəlzələ, güclü yağış və s.) öncə yuvalarını tərk edirlər. Belə olduğu təqdirdə daha etibarlı məkan axtarışı üçün sizin həyətdən də keçə bilərlər. Eləcə də əkin sahələrində biçin, dərmanlama və digər irimiqyaslı işlərin görülməsi zamanı sürünənlərin yerdəyişməsi sizin ilanlarla üzləşməyinizə səbəb ola bilər.

4. Ayaqlarımızın altına baxaq

Həyətdə ot örtüyü (qazon) varsa, onun mütəmadi olaraq biçilməsinə (qısaldılmasına) nəzarət edin. İsti aylarda çalışın dibi görünməyən otluqda gəzməyəsiniz. Hətta cığırlarda gəzərkən də ilanlarla rastlaşa bilərsiniz. Ola bilər ki, ilan açıq yerə çıxaraq özünü günə vermiş olsun, yaxud da o da sizin kimi burdan ötüb harasa getsin. Amma ilanlar biləndə ki, insan yaxınlaşır, özləri dərhal uzaqlaşmağa çalışırlar. Əgər ilanların sürünərək aradan çıxmağına imkan verməyəcək qədər cəld addımlayırsınızsa, mütləq ayaqlarınızın altına baxın. Aradan çıxmaq istəyən ilan olarsa belə, quyruğunu tapdaladığınız təqdirdə sizə əks-hücum edəcəkdir.

5. İlanlar səs-küyü xoşlamır

Əgər meşəyə yolunuz düşübsə, əlinizdəki ağacla başqa budaqlara döyəcləməklə taqqıltı yarada, bərkdən danışaraq səs-küy etməklə ilanları qabaqcadan xəbərdar edə və yoluuzun üstündən uzaqlaşmasına məcbur edə bilərsiniz. Baxmayaraq ki, ilanların qulağı yoxdur, amma onlar nazik və həssas dilləri ilə səs dalğalarını, titrəmələri hiss edirlər. Vu bu titrəmələrlə də onları həyətlərdən uzaqlaşdırmaq olar. Bunun üçün torpağa sancılan və vaxtaşırı vibrasiya edərək torpaqda ritmik dalğalar yaradan qurğulardan – “ilanqorxudanlardan” da alıb istifadə edə bilərsiniz. Həmçinin özünüz bu işi görə biləcək qurğular hazırlaya bilərsiniz. Məsələn, yerə vertikal basdırılmış dəmir çubuğa plastik butulka keçirsəniz, hətta zəif mehdən də tərpənərək dəmirə döyəcləyəcək və tıqqıltı yaradacaq. Üstəlik, bu tıqqıltı az da olsa torpağa da ötürüləcək. Həmçinin külək çarxlarından da dəmir hissəciklər assanız, səs edəcək. Bu, ilanları narahat etməklə yanaşı, insanlarda da xoşagəlməz hisslər yarada bilər.

6. Kirpilərlə dostluq

Artıq çoxlarımız bilir ki, kirpilər ilanlarla düşməndir. Əslində onlar ilan ovuna çıxmır. Onların yumurtalarını tapıb yeyirlər. Əgər “mübahisələri düşərsə”, kirpi məmnuniyyətlə ilanı ram edəcək. Buna görə həyətə kirpi gətirib buraxsanız (yaşaması üçün), bu həyətdən ilan gen “gəzəcək”.

7. İlanlar tünd iyləri xoşlamırlar

İlanların tünd qoxulardan xoşları gəlmədiyi də deyilir. Hətta misal da var ki, ilanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər. Baytarlıq apteklərindən xüsusi tozlar da əldə edə bilərsiniz ki, həyətlərin kənarına səpə bilərsiniz. Tünd iyin gəlməsi üçün naftalin və buna bənzər kürəciklərdən də istifadə edə bilərsiniz. Amma bu cür vasitələr zəhərli olduğundan, onlardan istifadəyə üstünlük verməyin və tətbiqi zamanı da əlcəklərdən istifadə edin. Uşaqların, digər canlıların – ev heyvanlarının və quşlarının yaxınlaşmasına imkan verməyin. Ən yaxşısı isə sarımsaq, yarpız və bu kimi təbbi bitkilərdən istifadədir. Həmçinin dizel yanacağı (solyarka), selitr və ya herbisid hopdurulmuş əsgi parçalarını da həyət kənarlarında kölgə yerə düzə bilərsiniz. Buxarlanma getdiyi üçün bu cür proseduru ayda bir dəfə təkrarlamaq lazımdır.

Əgər evinizə yaxın yaşayış olmayan həyət, yaxud yarımçıq tikili və buna bənxər obyekt, həmçinin su hövzəsi varsa, onda işinizi daha ehtiyatlı tutmalısınız. Yuxarıda sadaladığımız tədbirləri qonşularınıza da məsləhət görməlisiniz ki, ilanlar sizdən daha uzaq olsunlar.

8. Həyətə ilan gəlibsə Əgər həyətdə ilan görmüsünüzsə, bu sahə üzrə mütəxəssis (herpetoloq) və ya baytar çağırsanız yaxşı olar. Tədbiri özünüz görmək istəyirsinizsə, onda bir neçə şərtə əməl etməlisiniz. İlk növbədə “silahlanmalısınız”. Əlinizdə bel, uzun ağac və buna bənzər vasitə olmalıdır. Ayağınızda isə uzunboğaz çəkmə olmalıdır ki, ilanı ilk həmlə ilə tuta və ya zərərsizləşdirə bilməsəniz, onun əks hücumundan ayağınızı qoruya biləsiniz. İlanlar çox yuxarıdan sanca bilmir. Çünki çox yuxarı atıla bilmirlər. Əlinizdə isə qaynaqçı əlcəyi olsa, ilanın dişinin dərinizə batmasının qarşısını almış olarsınız. Əgər təcrübəniz və çevikliyiniz olsa, bütün bunlarsız da ilanın başını ağacla əzə bilərsiniz. Hərçənd ki, mütəxəssislər bildirirlər ki, ilanı həyətdə öldürməmək lazımdır. Çünki ilan ölümqabağı xüsusi qoxu buraxır ki, bu iylə də başqa ilanları cəlb edir. Odur ki, ilanı öldürməkdənsə onu ərazidən qovmaq daha yaxşıdır. Əgər öldürmüsünüzsə və ya ölmüş ilan tapmısınızsa, dərhal onu uzaq bir yerə aparıb atın. Bu zaman onun ölüsünə də əl ilə toxunmaq olmaz. Hətta həyətdə ilan qabığına da rast gəlsəniz, onu dərhal uzaqlaşdırın. Çünki ilanlar onun da iyini duyub öz keçmiş ərazilərinə qayıda bilərlər. Əgər müəyyən etsəniz ki, ilanlar sizin həyətdə yuva qurub və balalayıb, onda onlara qarşı daha ehtiyyatlı olun. Çünki, ilanlar öz yuvaları və balaları üçün son nəfəslərinə qədər mübarizə aparacaqlar.

Əgər sizi ilan sancıbsa

İlan sancması hər adamın başına gəlmirsə də bu o demək deyil ki, siz həmin adam olmayacaqsınız. Ehtiyyatsız davrandıqda, hətta bütün tədbirləri gördükdə belə, hardansa bir ilan tapıla bilər ki, sizə ilan sancmasını daddırsın. İlan sancması zamanı müşahidə edəcəkləriniz – ağrı, qızarma və şişmə olacaq. Bunlar əsas əlamətlərdir. Amma bunların hansı dərəcədə təzahür etməsi sizin özünüzdən (yaşınızdan, durumunuzdan, canınızın sağlamlıq dərəcəsindən və s.) və ilanın növündən, daha doğrusu, zəhərinin gücündən asılıdır. Birdə fərq edir ki, sizin hansı nahiyənizdən sancıb.

İlan zəhəri qanın tərkibini parçalamaq funksiyasına malik olduğu üçün orqanizmmə düşdüyü vaxt təmiz qanın miqdarının azalmasına səbəb olur ki, bu da insanda qan azlığı halları kimi təəssüratlar yaradır. Rəng solğunlaşır, bədən halsızlaşır, baş gicəllənir, qan təzyiqi düşür və hətta şoka da gətirib çıxarır. Hətta yardım olunmadığı təqdirdə ölümə də səbəb ola bilər.

Əgər sizi ilan sancıbsa, yaxınlıqda da adamlar yoxdursa, ilk tədbiri görməklə yanaşı özünüzü adamlara yetirməlisiniz ki, halınız pisləşdiyi vaxt sizə köməklik edə bilsinlər (həkimə çatdırsınlar). İlan sancması zamanı çalışın çoxlu miqdarda su, meyvə şirəsi və ya kompot (alkoqol və qəhvə olmaz) qəbul edərək özünüzü xəstəxanaya yetirəsiniz ki, ilan sancmasına qarşı zərdab vurulsun. Maye qəbulu qanın həcminin artmasına köməklik edir ki, qana düşən zəhərin təsiri zəif olsun. Əgər ilan əlinizdən və ya qolunuzdan sancıbsa, barmaqlarınızda üzük varsa, çıxarın ki, əliniz şişdiyi zaman əngəl yaratmasın. Yaranı kəsməyə çalışmayın. Bu halda zəhərin qana keçməsini sürətləndirə və yaranın daha kəskin olmasına səbəb olar. Ağızla zəhəri çəkmək məsləhət görülməsə də edilə bilər. Ancaq o halda ki, ağızda və dişlərdə yara olmasın. Hər sormadan sonra tüpürmək və sonda ağızı yaxalamaq lazımdır. İndi bəzi ölkələrdə şpirisə oxşar qurğu satılır ki, onun vasitəsi ilə də zəhəri sorub çıxarmaq mümkündür. Onun iş prinsipi vakuuma əsaslanıb və Çin bankalarını xatırladır. Saytlardan onlayn sifariş də mümkündür.

İlan sancması zamanı yanlış addım ataraq ilan sancan yerdən bir qədər yuxarıdan qayışla sıxırlar. Bu, yolverilməzdir. Çünki zəhərin bir yerdə yığılıb qalmasının həmin hissənin daha çox zəhərlənməsinə və hətta qanqrenaya da gətirib çıxarmasına səbəb ola bilər. Qayışı açarkən də sürətlə yayılan zəhər kəskin şok da verə bilər. Zəhərin qana gec qarışması üçün həmin hissəni hərəkətsiz və ürək səviyyəsindən aşağıda tutmaq, bədəni də aram saxlamaq və az həyəcanlanmaq lazımdır ki, qan dövranı yüksəlməsin. İlan sancan yerə buz qoysanız, zəhərin gec yayılmasına səbəb olar. Bu vaxt ərzində də özünüzü yubanmadan xəstəxanaya çatdırın. Ölkəmizdə istilərlə əlaqədar bütün mərkəzi rayon xəstəxanalarına ilan zəhəri əleyhinə zərdablar paylanır. Bu dərmanları özünüz apteklərdən əldə etməyə çalışmayın. Tapsanız belə, çox baha qiymətə olacaqdır.

Bu məqalədə öyrəndiklərinizi ailə üzvlərinizə, xüsusilə uşaqlara, eləcə də qonşulara çatdırın ki, ilanlardan mühafizə və müdafiə tədbirləri kollektiv şəkildə daha effektli olsun. Daha kiçik uşaqlara izah edin ki, ilanları əllərinə götürməyə cəhd etməsinlər. Həmçinin, yerdən şifer, taxta lövhə, boru və bunlara bənzər materialları götürməsinlər. Çünki, bu cür materialların altında ilan yatmış ola bilər. Fələq surəsi bizə məxluqatın şərindən Allaha sığınmağımızı tövsiyə edir. Hər birimizə tədbirli olmağı və böyük olan Allaha sığınmağı məsləhət görür və Allahın amanında olmağınızı arzu edirik.

3453 dəfə cəmi, 19 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir