İpəkqurdu — barama haqqında məlumatlar (VİDEO)
Təsərrüfat

İpəkqurdu – barama haqqında məlumatlar (VİDEO)

Salam, əziz izləyicilər. Kənd və rayon şəraitində halal yolla pul qazanmaq yollarından biri də baramaçılıqdır. Bir neçə silsilə video ilə sizə bu iş barədə qısa məlumat verməyə çalışacağam. Birinci video ipəkqurdunun ilk günlərində bəslənmə qaydalarıdır. Məsləhətçimiz – ziyalı və zəhmətkeş dostumuz – Tursun Əzizovdur.

İpəkqurdu məşğuliyyəti 30-35 gün davam edir. Heç bir sərmayə tələb etmədən çoxlu qazanc əldə etməyin bir yoludur. Qısa müddət ərzində düzgün qulluq və zəhmət nəticəsində barama əldə etmək olur ki, istehsalatın-təsərrüfatın digər sahələri ilə müayisədə çox gəlirlisidir. Bu işin əsas şərti – qurdları saxlamaq üçün otağın olması və qidalandırma üçün tut yarpağının olmasıdır. Bəziləri bunları çətinlik hesab edir. Amma dövlət tərəfindən pulsuz verilən tut tinglərinin həyətyanı sahədə və ya pay torpağında əkilməsi bu çətinliyin aradan qaldırılmasına xidmət edir. Qabaqcadan da kümçülərə subsidiyanın verilməsi onlara otaq və digər şəraitlərin qabaqcadan hazır vəziyyətə gətirilməsinə köməklik edir.

Odur ki, siz də kənd yerində yaşayırsınızsa və ən əsası bu işə həvəsiniz varsa, bizim saytımızı və youtube kanalımızı izləməyi unutmayın. Çalışacağıq ki, bu işin əsas qaydalarını qısa da olsa izah edək.

İpəkqurdu 7-ci günündə ikinci yuxu dövrünə hazırlaşır:

Yuxarıdakı video ipəkqurdunun 7-ci günündə çəkilib. Qurdlar artıq 7-cü günü tamamlayaraq 2-ci yuxuya getmək üzrədirlər. Videoya da fikir versəniz, görərsiniz ki, onlar artıq yeməyi dayandırıb, tərpənməz haldadırlar və bəziləri də başlarını yuxarı qaldırmış vəziyyətdədirlər. Bu əlamətlər onu göstərir ki, qurdlar yuxu rejiminə keçir. Gətirildiyi gündən artıq ikinci yuxularıdır qurdların.
İpəkqurdlarında yuxu dövrü 16-24 saat davam edir. Bu müddət ərzində onları yemləmək olmaz. Yuxudan ayıldıqdan sonra isə onların yeni yaş dövrü (bu halda 3-cü) başlayır. Qurdların hamısı tam olaraq oyandıqdan sonra yemləməyə başlamaq lazımdır. Həmçinin təmizlik işlərini də həmin vaxt icra etmək lazımdır.

İpəkqurdları bir ayında:

Artıq ipəkqurdlarının bir ayı tamam olur. Onların bəziləri ipək sarıyıb, bəziləri bu işə yenicə başlayır, bəziləri isə hələ də yarpaq yeyirlər. Aşağıdakı videoda onların ipəksarıma dövrünə hazırlıq işləri izah edilir. Həmçinin, geniş sahəyə ehtiyacı olan qurdların son dövrlərdə yerlərinin hansı şəraitdə düzəldilə bilməsini də göstəririk. Ucuz başa gələn materiallardan rəflərin hazırlanması və tavan və divarların tutulmasını çəkib göstəririk. Əgər qapalı sahəniz, yəni damınız yoxdursa və ya kiçikdirsə, həyətdə də bu yeri hazırlaya bilərsiniz. Bizim təqdimatımızda döşəmə betondr. Dəmir talvarın altında hazırlanmış saxlama yerinin üzərinə parça çəkilib ki, istinin qarşısı bir qədər alınsın. Yandan düşən günəş şüalarını zəiflətmək üçün polietilen plyonkadan istifadə olunub. Havalanma üçün açıq yelçəkən saxlanılıb. Yırtıcı quşların qurdları aparmasına həyətdəki pişik imkan vermir. Rütubəti artırmaq üçün diffuzordan da istifadə edə bilərsiniz, döşəməni sulaya da bilərsiniz. Həmçinin yaş parçalar düzə və vaxtaşırı islada bilərsiniz.

Allah hər bir kəsin zəhmətinin bərəkətini artırsın. Kim ki Uca Allaha təvəkkül edərək halal ruzi qazanmağa çalışar, Allah ona bu işdə kömək olar.

4697 dəfə cəmi, 37 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir