Təsərrüfat

OSTARA çiyələyi – İl boyu məhsul verən çiyələk (FOTO/VİDEO)

Ostara çiyələyi

Ostara çiyələyi – remontant sortdur. Yəni vegetasiya dövrü boyu məhsul verir. Yazda havalar istiləşəndən payızın sonlarında havalar soyuyanadək onun çiyələyindən dadmaq olur. Əgər onu dibçəyə əkib evdə saxlasanız hətta qışda da təravətli giləmeyvələri ilə sizi sevindirəcəkdir.

Ostara çiyələyi 1969-cu ildə Niderland seleksiyaçıları tərəfindən çarpaz tozlandırma yolu ilə əldə edilmişdir. Bu zaman onlar Red Qontlet (Red Gauntlet) və Maçeraus Daurente (Macherauchs Dauerernte) sortlarından istifadə etmişlər.

Bizim ölkədə qış çox soyuq keçmədiyi üçün bu çiyələk hətta qışda da çiçəkləyir. Sadəcə olaraq isti və günəşli günlərin sayı az olduğu və şaxtalı günlərlə üzləşdiyi üçün çiçəklərin çoxu məhv olur. Amma şaxtadan qoruya bilsəniz, qışda bu sortdan məhsul əldə etmək elə də çətin deyildir. Erkən yazda isə bu çiyələk qışdan tələf olan yarpaqlarını yeniləməklə yanaşı həm də çoxlu çiçəkləyir. Amma bu zaman yaxşı olar ki, onun çiçəklərini qırasız. Əks-təqdirdə bitki bütün gücünü çiçəyə və ardınca da meyvəyə verəcək, bitkinin yarpaqları və kök sistemi zəif olacaqdır. Meyvənin yetişməsi, iri və dadlı olması üçün onun güclü kök sistemi və yarpaqlara ehtiyacı olduğu üçün bu halda meyvələr kiçik (sayca çox) və turş olacaqdır.

Ümumiyyətlə, qışdan çıxan çiyələk bitkisinə ilk lazım olan – onun kökünün və yarpaqlarının çoxalması, möhkəmlənməsidir. Bitki qüvvətləndikdən sonra çiçəkləyərsə, onun meyvələri iri və dadlı olacaqdır. Odur ki, bu sortun ilk çiçəklərini qırmağa heyfiniz gəlməsin. Bunun ardınca o, yenə də çiçəkləyəcəkdir. Başqa sortlardan fərqli olaraq, bu sortun kiçik şitili də çiçəkləyir.

Ostara çiyələyi - tam

Daim məhsul verdiyi üçün bu sort tez qocalır. Onun məhsuldar dövrü 1-2 ildir. Bundan sonra onları cavanlaşdırmaq lazım gəlir. Bunun üçün bazardan (və ya mağazadan) yeni şitillər almağa ehtiyac yoxdur. Ana bitkilər özləri sizə yeni şitillər verəcəkdir. Bu şitilləri bığcıqlarla, yaxud da kökdən ayırmaq yolu ilə əldə edə bilərsiniz. Yeni şitilləri yeni sahəyə əksəniz yaxşı olar. Təkrar həmin sahədə əksəniz, torpağı üzvi və kimyəvi kübrələrlə kübrələyin. Üstünlüyü üzvi kübrələrə verin.

Ostara çiyələyi - satışda

Özəllikləri

  • Ostara çiyələyinin meyvələri 20 – 75 qram təşkil edir;
  • may ayından noyabr ayınadək məhsul verir;
  • yarpaqları tünd-yaşıl rəngdədir və üzəri kiçik tükcüklərlə örtülüb;
  • meyvələri parlaq-qırmızı rəngdədir, səthi parıltılıdır və bərabəryanlı konus formasındadır;
  • ətri və dadı meşə çiyələyini xatırladır, çox şirindir və xoşagələn turşuluğu vardır;
  • meyvələr çox yumşaqdır və bu səbəbdən daşınanda əzilir;
  • meyvələr göbələk xəstəliklərinə qarşı dözümlüdür ancaq boz çürümədən qorumaq lazımdır;

•         birinci ili daha məhsuldar dövrü hesab edilir. Durmadan məhsul verdiyi üçün tez qocalır. Odur ki, növbəti illərdə meyvələri kiçik olur. Bu səbəbdən şitilləri hər il yeniləmək və yerini dəyişmək məsləhətdir.

Ostara çiyələyi - çoxlu

Qulluq qaydaları

  • daha yaxşı (iri) məhsul əldə etmək üçün ilkin çiçəklərini qırmaqdan qorxmayın. Əvəzində ardınca yeni çiçəklər və daha dadlı meyvələr əldə edəcəksiniz. Üstəlik bazarda qurtaran vaxt təzə çiyələyiniz olacaq;
  • ostara çiyələyi də digər çiyələklər kimi günəşli sahəni xoşladığı üçün onu gün düşən sahələrdə əkmək lazımdır. Kölgə və soyuq yerlərdə, həmçinin quraq torpaqlarda məhsuldarlığı az olur;
  • erkən yazda bol məhsul verməsi üçün şitilləri əvvəlki ilin avqust-sentyabr aylarında əkmək lazımdır. Bu zaman şitillər şaxtalar düşənə qədər artıq torpağa uyğunlaşacaq və yazda bol məhsula hazır olacaqlar;
  • bitkinin verdiyi yan pıhrələrdən – bığcıqlardan lazım olan qədərini növbəti əkin üçün saxlayın, qalanlarını isə qırın ki, bitkinin qüvvəsini azaltmasınlar;
  • mütəmadi olaraq ziyanvericilərə və xəstəliklərə qarşı dərmanlama, həmçinin kübrələmə işlərini aparın;
  • sonuncu məhsulu yığdıqdan sonra (payızın sonlarında) bitkilərin üzərini samanla, ağac yonqarı və ya bunlara bənzər vasitələrlə örtün ki, bitkilər qışda şaxtalardan ziyan görməsin.

Bu da Ostara çiyələyinin videogörüntüsü (video 15 may 2016-cı il tarixdə çəkilmişdir):

Əgər siz də yuxarıda qeyd olunan xüsusiyyətlərə malik Ostara çiyələyinə sahib olmaq, il boyu onun meyvələrindən dadmaq istəyirsinizsə, onda biz (bu sayta) müraciət edə bilərsiniz. Ostara çiyələyinin şitillərini bizdən ala bilərsiniz:

Çiyələk şitili - stəkanda

Bizim şitillər şəkildə gördüyünüz kimi – kiçik plastmast stəkanlarda torpaqlı halda satılır ki, onu sahəyə əkdikdə kök sistemi zədələnmir və bitki həmin il məhsul verməyə başlayır. Aldığınız şitili həm birbaşa sahəyə (yaz-payız aylarında), həm də dibçəklərə əkə bilərsiniz. Bir ədəd şitilin qiyməti 2 manatdır. 10 ədəd Ostara çiyələyinin şitilini aldıqda 1 ədəd Paynberri çiyələyi şitili pay verilir. Paynberri çiyələyi haqda daha təraflı burdan oxuya bilərsiniz: Paynberri çiyələyi

Siz Paynberri çiyələyinin şitillərini ayrıca olaraq da ala bilərsiniz. Onların da qiyməti 2 manatdır. Əldə etmək istəsəniz, müraciət edə bilərsiniz. Uğurlar.

Ostara çiyələyi - meyvəsi
5421 dəfə cəmi, 12 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir