Usta xidmətləri

Açıq tipli istilik sistemində genişlənmə rezervuarı və onun quraşdırılması

Açıq tipli istilik sisteminin genişlənmə rezervuarı və onun quraşdırılması

Genişlənmə rezervuarı nədir?

Adından da göründüyü kimi, genişlənmə rezervuarı (расширительный бак) – suyun genişlənə bilməsi üçün tətbiq edilən qabdır. Daha doğrusu, suyun genişləndiyi zaman daşıb kənara (yerə) tökülməməsi üçün yarısı boş olan qabdır. Su niyə genişlənir? Genişlənsə hardan töküləcək? Töküldüyü yeri təmiz bağlasaq, tökülməsinin qarşısını alsaq nə olar? Gəlin bu suallara bir-bir aydınlıq gətirməyə çalışaq.

Su niyə genişlənir?

Təbiətin (Allahın) qanunudur ki, maddələr qızdığı zaman genişlənir. Hər birimiz evdə çaydanda (qəfədanda) suyun qaynayarkən daşdığını görmüşük. Hətta suyun təzyiqindən çaydanın qapağının da açıldığını görmək mümkündür. Eləcə də süd bişirən qadınlar onun daşmasından ehtiyyat edirlər.

şəkil

Həmçinin qızdırmaölçən termometri xatırlayaq. Temperatur yüksəldikcə cihazın içərisindəki rəngli maye – (metil spirti və ya kerosin*) də genişlənərək yuxarıya doğru qalxır.

Artıq xatırladıq ki, həqiqətən də su qızdıqda genişlənir. İstilik sisteminə doldurduğumuz su da qızdığı üçün genişlənir. Və artan su da sistemin harasındansa çıxmalıdır. Əgər su çıxmasa, təzyiqi artacaq və sistemin zəif nöqtəsindən vurub partladacaq. Biz bunun qarşısını almaq üçün qoruyucu klapan və ya kran qoşa bilərik ki, artıq su və təzyiq burdan kənarlaşsın. Amma nəzərə alsaq ki, sistem fasilə etdikdə və ya dayandıqda, içərisindəki su yenidən soyuyacaq və həcmi də yenidən azalacaq. Amma bu zaman kənara atılmış suyu geri qaytarmaq mümkün olmayacaq. Buna görə də vaxtı ilə mühəndislər bu cür genişlənmə rezervuarını fikirləşib hazırllayıblar ki, qızan və genişlənən suyun artıq hissəsi bu rezervuarda yığılsın və soyuduqda da ordan sistemə qayıda bilsin.

İndi bizə genişlənmə rezervuarının niyə quraşdırılması da məlum oldu. Bəs bu rezervuar nədən düzəldilməlidir və harada quraşdırılmalıdır?

Genişlənmə rezervuarı adətən metaldan hazırlanır. Amma onu plastik qablardan da hazırlamaq olar. Baxmayaraq ki, qızan suyun artıq hissəsini özündə saxlayır, bu qaba yığılan su heç də yüksək temperaturda olmur. Kor bağırsaq kimi, ikinci çıxışı olmadığı üçün suyun dövriyyəsi bu qabda getmir. Ona görə də bu qabda olan su ilıq və daha az temperaturda olur.

Hazırladığımız qabı sistemlə birləşdirə bilmək üçün aşağı hissəsindən deşik açmalıyıq və asan bağlanması üçün yivli birləşmə quraşdırmalıyıq. Qabın yuxarı hissəsində də bir ədəd deşik olmalıdır ki, suyu bura daxil edə bilək və ya su daşdıqda axıb kənara tökülə bilsin. Yuxarı hissəsi açıq olan qabdan da istifadə edə bilərik. Amma suyun buxarlanıb azalmasının qarşısını almaq üçün açıq sahəni havanın keçə  bilməsi şərti ilə bağlamalıyıq. Buxarlanmanın qarşısını almaq üçün suyun üzərinə bir neçə damcı yağ da tökə bilərik. Bəziləri isə rezervuarı bir qədər böyük götürürlər ki, mövsüm bitənə qədər su əlavə etməyə ehtiyac qalmasın.

Bizim videolarda genişlənmə rezervuarının sadə, plastik qablardan hazırlandığını görə bilərsiniz. Təxminən 12 litr su tutan istilik sistemində 1 litrlik plastik butulkadan da istifadə etdiyimizi və bu qabı da sistemə evdə quraşdırdığımızı izləyə bilərsiniz. Quraşdırılması və sonrakı xidməti asan olsun deyə evdə quraşdırmışıq. Əgər gələcəkdə radiatorların sayı artarsa, sistem böyüyərsə, butulkanı böyütmək, yaxud da sistemə başqa bir yerdən əlavə qab quraşdıra bilərik. Bunu misal üçün qeyd edirəm ki, biləsiniz ki, bir böyük rezervuar quraşdırmaq mümkün olmadığı halda, yaxud da kiçiyi böyük ilə əvəz etmək mümkün olmadığa halda, eyni səviyyədə olan iki (və ya daha artıq) rezervuar qoşmaq olar. Amma onlara sonradan su əlavə etmək üçün birindən su tökməyiniz kifayət edər.

Genişlənmə rezervuarını sistemin harasına qoşaq?

Sözügedən qabı su qızdırıcısına yaxın yerdən qoşmaq lazımdır. Qızdırıcı qurğudan isti suyun çıxdığı yerə yaxın bir hissədən boruya ayrıc vasitəsi ilə birləşdirmək lazımdır. Bəziləri su qızdırıcı qurğuya gələn hissədən birləşdirməyi tövsiyə edir ki, buna da səbə kimi qayıdan suyun daha az temperaturda olmasını göstərirlər. Amma bizim tövsiyəmiz gedən suyun üzərində olmasıdır ki, səbəblərini də bu cür izah edirik:

► Su qızdırıcı qurğudan çıxan suyun təzyiqi çox olur. Odur ki, bu qabı dediyimiz yerdə quraşdırdıqda, həm də qoruyucu klapan rolunu oynayır. Çünki, suyun kəskin qızması və genişlənməsi məhz su qızdırıcı qurğuda baş verir və təzyiq artması da məhz bu yerdə daha çox olur.

► Genişlənmə rezervuarı həm də suda olan qabarcıqların da sistemdən xaric olmasına imkan verir. Sistemin suyu su qızdırıcı qurğuda kəskin qızdığı üçün tərkibində hava qabarcıqları yaranır. Və bu qabarcıqlar da sistemin digər hissələrinə düşmədən rezervuara keçərək ordan da havaya uçur. Ona görə də rezervuara aparan ayrıcı üfiqi boru üzərindən qoşmaq lazımdır.

Genişlənmə rezervuarı sistemin ən hündür yeri olmalıdır. Əks təqdirdə birləşmiş qablar qanununa uyğun olaraq sistemin suyu burdan axacaq və sistemə hava düşəcəkdir. Bəs hansı hündürlükdə olmalıdır? Hamımız bilirik ki, radiatorlar (istilik batareyaları) pəncərənin altında olur. Əgər sistemdə dövriyyə nasosu varsa, suqızdırıcı qurğu radiator səviyyəsində olsa yaxşı olar. Bunların hansı daha hündürdürsə, rezervuarı da ondan bir az hündür qoymaq kifayət edər. Hətta bir neçə sm olsa belə kifayət edər. Amma destimetrlə götürsək, daha arxayın olarıq. Rezervuarın çox hündürdə quraşdırılması sistemdə olan suyun təzyiqinin çox olmasına səbəb olur. Bu isə sistem üçün nəzərəçarpmayacaq dərəcədə də olsa, ağırlıq deməkdir. Bəziləri yanlış olaraq hesab edir ki, suyun axınını yaxşı olmasına rezervuarın hündürdə olması və tutumunun çox olması şərait yaradır. Amma belə deyil. Genişlənmə rezervuarında olan suyun təzyiqi stəkanda olan suyun təzyiqi ilə eynidir. Çünki açıq hava ilə təmasdadır. Amma hündürdə olması sistemin aşağı hissələrində suyun təzyiqinin artmasına səbəb olur. Bu təzyiq suyun axın təzyiqi deyil, boru və hissələrin divarına göstərdiyi təzyiqdir.

Genişlənmə rezervuarının ölçüsü nə qədər olmalıdır?

Əsas məsələlərdən biri də genişlənmə rezervuarının ölçüsünün təyinidir. Hamı istəyər ki, bu bak nə qədər kiçik olsa, pula, mayeyə və yerə bir o qədər qənaət etmiş olar. Amma ölçünü düzgün hesablamaq  lazımdır ki, normadan kiçik də olmasın. Elə isə, gəlin genişlənmə bakının ölçüsünün hesablanma qaydasına nəzər salaq.

Ənənəvi üsulla hesabladıqda sistemin ümumi su tutumu nə qədərdirsə, genişlənmə rezervuarını da həmin tutumun 5%-i həcmində hazırlayırlar. Əslində sistemin suyu genişləndikdə öz həcminin 4%-i qədər artır. 1% də əlavə götürülür ki, su qabdan daşmasın.

Genişlənmə rezervuarının həcmini hesablamaq üçün bizə lazım olacaq sistemin ümumi su tutumunu tapmaq. Bu, heç də çətin məsələ deyil. İki variant var:

1. Boş sistemə su vurarkən sərf olunan suyun həcmini hesablamaq. Əgər suyu sistemə ölçü qabı ilə dolduracağıqsa, bu asan olacaq. Şlanq vasitəsi ilə doldursaq, əvvəlcə şlanqın kənarda bir dəqiqədə (və ya 10 saniyədə) vedrəyə doldurduğu suyu tapmaq və sonra da sistemi neçə dəqiqəyə doldurduğunu tapmaq.

2. Birinci varianta imkanımız olmasa, lazımdır ki, sistemi təşkil edən qurğu və hissələrin tutumunu ayrı-ayrılıqda hesablayıb üst-üstə gələk. Sistem təşkil olunub suqızdırıcı qurğudan, hansıki, onun təlimat kitabçasında (texniki pasportunda) su tutumunun həcmi göstərilir. Eləcə də təzə alınmış radiatorların “sənədində” də bu barədə qeyd olur. Yox əgər əlimizdə bu barədə hər hansı bir məlumat olmasa, quraşdırmazdan öncə birini su ilə doldurub tutumunu öyrənə bilərik. Qalır boruların tutumunu hesablamaq. Həndəsi məlumatlardan istifadə edərək onu da asanlıqla tapa bilərik.

V – borunun həcmidir.
V=πr2l

Yəni, borunun həcmi bərabərdir – π vurulsun borunun radiusunun 2 mislinə (diametrinə), vurulsun uzunluğa.

V – borunun həcmi
l – borunun uzunluğu
π – pi ədədi (3.1415)
r- borunun radisu

Misal üçün, daxili diametri 20 millimetrdirsə, 50 metr borunun tutduğu su nə qədər olacaq?

V=3,1415*0,02*60
V=3,7698 litr

İstilik sistemi quraşdırılan zaman isə demək olar ki, heç kim bu dəqiqliklə hasablama aparmır. Ona görə də genişlənmə rezervuarını artıqlaması ilə götürüb işlərini asanlaşdırırlar.

*Qızdırmaölçən termometrlərin içərisində əvvəllər civə yerləşdirilirdi. Amma civənin insan üçün təhlükəli olması və qiymətinin baha olmasına görə onu başqa mayelərlə əvəz etməyə çalışdılar. Hal-hazırda termometrlərdə qırmız rəngli maye müşahidə edirik. Bu – qırmızı rəng vurulmuş kerosin və ya metilkarbitoldur. Yaxud da hər ikisinin qarışığı. Metilkarbitol metanoldan hazırlanmış metil spirtidir. Bu maddələr də insan orqanizmi üçün təhlükəlidir. Xüsusilə görmə sinirinin atrofiyasına səbəb olan metil spirtinin 15 qramı korluğa səbəb olur.

434 dəfə cəmi, 13 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir