«Pitiminutka» qışda suyu niyə yaxşı qızdırmır?
Usta xidmətləri

“Pitiminutka” qışda suyu niyə yaxşı qızdırmır?

Salam, əziz izləyicilər.
Qış fəslində isti suya olan tələbatımız digər fəsillərdəkindən daha çox olur. İsti su bizə qışda baha başa gəlməklə yanaşı, həm də çətin başa gəlir. Bir çoxlarımız, xüsusilə də “pitiminutka” adlandırılan qaz kalonkasından istifadə edənlərimiz suyun kifayət qədər qızmamasından şikayətlənir. Bu yazımızda buna aydınlıq gətirməyə çalışacağıq. Demək olar ki, hamı qaz kalonkasını “pitiminutka” adlandırdığından, biz də bu cür ifadə edəcəyik.

Pitiminutka istifadəçiləri əsasən qışda şikayətlənirlər ki, su əvvəlki kimi qızmır. Cavabı çox asandır: yayda çənin suyu isti olur, pitiminutka da o suyu bir az da isitmək üçün çətinlik çəkmir. Qışda isə hər yerdə, o cümlədən də bizim çənlərimizdə su soyuq olur. Suyun temperaturu yaydakı ilə müayisədə təxminən 20°C dərəcə az olur. Yəni, pitiminutka qışda suyu 20°C daha çox qızdırmalıdır ki, bizi qane etsin. Başqa qurğular kimi, pitiminutkanın da müəyyən gücü olur. Məsələn, əgər pitiminutka 24 kWt gücündədirsə, o qışda da maksimum bu gücdə işləyə bilər, yayda da. Yəni, qışda onu öz gücündən artıq işlətmək mümkün deyil. Qışda suyun yaxşı qızmamasına səbəb olan əsas amil – pitiminutkaya gəlib çatan suyun soyuq olmasıdır.

Fikrimizi aşağıdakı şəkil əsasında izah etməyə çalışaq:

Şəkildən də gördüyünüz kimi, yayda çəndə olan su təxminən +25°C olur. Pitiminutka da onun üzərinə +40°C gəldikdə, suyun temperaturu +65°C-yə çatır. Təbii ki, +65°C bizim üçün çox olduqda, temperaturu (qazı) bir qədər azaldacağıq. İndi qışdakı vəziyyətə baxaq:

Qışda elə günlər olur ki, sular donur. Bilirik ki, su 0°C-də donur. Suyun donmadığı günlərdə isə temperatur təxminən +5°C olursa, pitiminutka da onun üzərinə +40°C əlavə edirsə, krandan gələn isti suyun temperaturu +45°C-yə qalxır. Nəzərə alsaq ki, borular qışda soyuq olur, onda isti su bir qədər də borularda soyuyacaq. Əhalinin soyuq günlərdə qaza olan tələbatının artması nəticəsində qazın təzyiqi də bir qədər azalarsa, bir neçə dərəcə də buna görə temperatur az olacaq. Amma ən başlıca səbəb isə çəndəki (və ya su xətti ilə gələn) suyun temperaturunun aşağı olmasıdır.

Bəs nə edək ki, qışda su yaxşı qızsın?

Söhbət açdığımız problem əsasən o sistemlərdə olur ki, suyu nasos (hidrofor) vasitəsi ilə çəkirlər. Nasosun vurduğu su gur gəldiyi üçün, pitiminutka çatdırıb onu qızdıra bilmir. Ona görə də suyu krandan az açmaq lazımdır. Suyu pitiminutkanın özündən də bir qədər azalda bilərik. Bir çox pitiminutkaların üzərində – sağ tərəfdə yerləşən çarxı sağa fırlatmaqla bunu etmək olur. Əgər qaz tam artırılıbsa, amma su kifayət qədər qızmırsa, çıxış yolu suyu az açmaqdır.

Suyun yaxşı qızmamasına təsir edən digər amillər

Pitiminutkanın suyu yaxşı qızdıra bilməməsinə başqa kiçik amillər də təsir edə bilər. Onlar aşağıdakılardır:

  • Qazın təzyiqinin az olması;
  • Havanın rütubətli və digər qarışıqlı olması;
  • Pitiminutkanın daxilindəki istilikötürmə radiatorunu qurum bağlaması;
  • Pitiminutka daxilindəki qaz gözlüklərinin (jiklyorların) tutulması;
  • Suyun təzyiqinin az olması.

Qazın təzyiqinin az olması

Soyuq günlərdə əhalinin qaza olan tələbatı artdığı üçün, qazın təzyiqi azala bilər. Bu, əsasən axşam (günün batdığı və şam yeməyinin hazırlanması) vaxtlarında baş verir. Xüsusilə də “qış mövsümünə” keçiddən qabaq bu hallar müşahidə olunur.

Əgər evdə bir neçə qaz qurğusu işləyirsə, xüsusilə də pitiminutka bu qaz qurğularından sonra gəlirsə, belə halda da kifayət qədər qazın olmaması səbəbindən su yetərincə qızmaya bilər.

Havanın rütubətli və ya digər qarışıqlı olması

Pitiminutka quraşdırılmış yer açıq havadırsa, dumanlı günlərdə pitiminutka daxilində alışma normal baş vermir. Alovlanmaya lazım olan oksigen belə havada az olduğu üçün pitiminutkaya daxil olan qaz yaxşı alışmır və istilik də bu səbəbdən az əldə olunur. Oksigenin havada az olması başqa səbəblərdən də ola bilər. Məsələn, tüstü, dəm qazı və sair. Odur ki, pitiminutkanın düzgün işləməsi üçün onun ətrafında təmiz hava olmalıdır.

Pitiminutkanın daxilindəki istilikötürmə radiatorunu qurum bağlaması

Pitiminutkanın daxilində alışma getdiyi üçün vaxt keçdikcə onun daxilində qurum yaranır. İstilikötürmə radiatorunu bürüyən qurum (his) istiliyin suya ötürülməsinə mane olur. Beləliklə də istiliyin bir hissəsi havaya və pitiminutkanın korpusuna ötürülür. Qurum əsasən qazın çox açılmasından və qazın tərkibinin keyfiyyətsiz olmasından yaranır. Qış aylarında suyu yaxşı qızdıra bilməyimiz üçün qazı artırırıq. Bu halda çox işləməsi nəticəsində istilikötürmə radiatorunun pərləri quruma bulaşır. Həmçinin qazın təzyiqinin çox olmasından və alışmanın yaxşı getməməsindən də qurum yarana bilər. Ona görə də hər mövsümün əvvəlində pitiminutkanın daxilinə nəzər yetirmək, lazımdırsa, qurumunu təmizləmək lazımdır.

Qaz gözlüklərinin (jiklyorların) tutulması

Bəzən his, pas, qurum və ya kənar bir cisim qaz gözlüklərinə dşə bilər. On ədəddən çox olan jiklyorlardan birinin tutulması alovun gücünə öz təsirini göstərə bilir.

Suyun təzyiqinin az olması

Deyə bilərsiniz ki, suyun yuxarıda qeyd etmişik ki, yaxşı qızması üçün suyu az açmağı məsləhət görürsünüz. Bəs indi? Məsələ burasındadır ki, burda suyun pitiminutkaya qədər olan təzyiqindən söhbət açırıq. Bildiyiniz kimi, pitiminutkaların işlə düşməsi üçün suyun müəyyən paskal aralığında təzyiqi şərtdir. Suyun təzyiqi nəticəsində qaz klapanı açılır və pitiminutkaya qaz daxil olur. Əgər suyun təzyiqi az olarsa, qaz klapanı tam açılmaya bilər və qazın pitiminutkaya verilişində kasadlıq olar. Nəticəni də özünüz bilirsiniz.

Yekun olaraq bildirmək istəyirik ki, suyun yaxşı qızmaması səbəbini araşdırarkən, əvvəldə qeyd etdiyimiz başlıca ehtimal və ardınca qeyd etdiyimiz digər mümkün ola biləcək ehtimallar araşdırılmalıdır. Buna ehtiyac olmasa belə, ildə ən azı bir dəfə pitiminutkanın vəziyyəti yoxlanılmalıdır.

Qeyd: Pitiminutkanın istifadəsi zamanı onun ehtiyyat hissələrində standarta uyğun olmayan dəyişikliklər etmək qəti yolverilməzdir!

3584 dəfə cəmi, 25 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir