Sözdən Şəkilə: Süni İntellektlə Fantastik Rəsmlər Necə Yaradılır? ?✨
Texnologiya

Sözdən Şəkilə: Süni İntellektlə Fantastik Rəsmlər Necə Yaradılır? ?✨

? Bu məqalədə nələri öyrənəcəksiniz?

(Aşağıdakı başlıqların üzərinə vuraraq birbaşa həmin hissəyə keçə bilərsiniz)

  1. Süni İntellektlə Şəkil Hazırlamağa Giriş
  2. Text-to-Image Məntiqi
  3. Addım-addım Prompt Yazmaq (Nümunələrlə)
  4. Sİ Şəkil Janrları (Cədvəl)
  5. Peşəkar Detallar: Kamera və İşıqlandırma
  6. Ölçülərin Dili: Şaquli, Üfüqi və Piksellər
  7. Şəkil Üzərində Redaktə (Inpainting & Outpainting)
  8. Limitlər: Pulsuz və Pullu Sİ Saytları
  9. Ustad Məsləhəti: Təcrübəni Necə Artırmalı?

Əvvəllər internetdə inanılmaz, qeyri-adi bir şəkil görəndə ilk sözümüz bu olurdu: “Dəqiq fotoşopdur!”. Amma zaman dəyişir. İndi fotoşop belə yavaş-yavaş keçmişin kölgəsində qalır. Bu gün gördüyümüz o əsrarəngiz, realdan daha real və ya xəyal gücümüzü zorlayan şəkillərin çoxu süni intellektin (Sİ) məhsuludur. ?

Bəs görəsən, başqalarının hazırladığı o fantastik şəkilləri biz də hazırlaya bilərikmi? Bu, çoxmu çətindir? Cavabım sizi sevindirəcək: Xeyr, cəmi bir neçə sözlə siz də rəssama çevrilə bilərsiniz!

✍️ Sizin fırçanız — Sözlərinizdir

Süni intellektlə şəkil hazırlamaq üçün sizə boya, kağız və ya mürəkkəb dizayn bilikləri lazım deyil. Sizin yeganə materialınız sözlərdir. Bu texnologiya dünyada “Text-to-Image” (Mətndən şəkilə) adlanır. Siz yazırsınız, o isə saniyələr içində xəyalınızı vizuallaşdırır.

Hələlik çoxlu sayt adı çəkib sizi yormaq istəmirəm. Gəlin, bu işi öyrənmək üçün ən çox yayılan Sİ saytlarında işləyə bilmək üçün lazım olan əsas qaydalara nəzər salaq.

? İlk addım: Düzgün təsvir (Prompt)

Xatırlayırsınızsa, əvvəlki məqaləmizdə Prompt nədir? haqqında danışmışdıq. Şəkil yaradarkən bu daha vacibdir. Gəlin, bir at şəkli üzərindən necə irəliləyə biləcəyimizə baxaq. Sİ saytında biz prompt olaraq aşağıdakı sözləri yazsaq, nəticə də bu cür olacaq:

  • Səviyyə 1 (Sadə): “Bir at şəkli.” ? (Sİ sizə hər hansı, sıradan bir at şəkli verəcək).
  • Səviyyə 2 (Təsviri): “Qürub çağı dəniz kənarında qaçan ağ at.” ? (Artıq şəkildə bir mühit və rəng var).
  • Səviyyə 3 (Professional): “Cinematic lighting, 8k, fırtınalı dəniz kənarında qaçan əzələli ağ at, su sıçrayışları, ultra realistik.” ?

? Hansı dildə yazmalıyıq? (Azərbaycan, yoxsa İngilis?)

Süni intellekt sürətlə inkişaf etsə də, bu gün şəkil yaradan alətlərin (Midjourney, Leonardo.ai) çoxu İngilis dilində daha dəqiq nəticələr verir. Amma bu sizi qorxutmasın!

  • Təsvirlər: “Yaşlı adam”, “mavi dəniz” kimi əsas hissələri Azərbaycan dilində də başa düşən alətlər (DALL-E 3 kimi) var.
  • Texniki Parametrlər: Amma “Cinematic lighting”, “8k”, “High resolution” kimi texniki terminləri ingiliscə yazmağınız məsləhətdir, çünki Sİ bu terminləri bu şəkildə “öyrənib”.

? Üslub və Janr Seçimi

Şəklin sadəcə “nə” olduğu deyil, “necə” göründüyü də sizin əlinizdədir. Süni intellektə hansı üslubda işləməsini söyləməlisiniz. İstər karandaşla çəkilmiş köhnə bir eskiz, istərsə də milyon dollarlıq bir fotoaparatla çəkilmiş kadr… Məhz necə şəkil istədiyinizi Sİ-ə bildirmək üçün şəkilləri də ifadə edə bilməyi öyrənməliyik.

Aşağıdakı cədvəldə şəkillərinizi peşəkarlaşdıracaq əsas parametrləri qeyd edirəm:

Parametr növüNümunə Sözlər (Prompt üçün)Nəticə
Bədii ÜslubOil painting, Watercolor, Pencil sketch, CharcoalYağlı boya, Akvarell, Karandaş və ya Kömür qələm işi.
JanrFantasy, Cyberpunk, Steampunk, Anime, SurrealismFantastik dünya, gələcək texnologiya, cizgi filmi və ya sürreal təsvir.
İşıqlandırmaGolden hour, Cinematic lighting, Moody, Neon lightsGünbatımı işığı, kino effekti, tutqun və ya parlaq neon işıqları.

? Fotoqrafiya Həvəskarları Üçün: Professional Detallar

Əgər şəkilinizin Sİ tərəfindən deyil, real fotoaparatla çəkildiyini hiss etdirmək istəyirsinizsə, promptunuza bu texniki detalları əlavə edə bilərsiniz. Bu, işin “ali məktəbi” sayılır:

  • Kamera Markaları: “Shot on Sony A7R IV” və ya “Canon EOS R5” yazdıqda, Sİ həmin kameraların rəng profilini təqlid edir.
  • Linza və Fokus: * 35mm və ya 50mm: İnsan portretləri üçün ən ideal kadr.
    • 85mm (Bokeh effect): Arxa fonun dumanlı (bulanıq), obyektin isə iti görünməsi üçün.
    • Wide angle (14mm – 24mm): Geniş mənzərə şəkilləri üçün.
  • Fokus məsafəsi (Aperture): “f/1.8” yazsanız arxa fon daha çox bulanıq olar, “f/11” yazsanız hər yer aydın görünər.

Məsələn, yaşlı bir kişi portreti üçün peşəkar bir prompt belə olar:

“Portrait of an old man, shot on Nikon D850, 85mm lens, f/1.8, natural lighting, highly detailed skin texture, 8k”

Aşağıda daha bir neçə nümunə prompt və onun əsasında hazırlanmış şəkilləri də sizə təqdim edirik:

Subject (Mövzu): Gənc qadın, uzun qara saçlı, yaşıl gözlü. Clothing (Geyim): Milli naxışlı Azərbaycan kəlağayısı və müasir pencək. Pose (Duruş): Üzü kameraya tərəf, əlində qədim bir kitab tutur. Background (Arxa fon): İçərişəhərin dar küçələri, daş divarlar, günbatımı. Lighting (İşıq): Yumşaq təbii işıq, üzündə isti kölgələr. Style: Ultra realistic, 8k, shot on Sony A7R IV.

Yuxarıdakı şəkillər iki müxtəlif süni intellekt proqramında və fərqli ölçülərdə hazırlanıb. Biri üfiqi, digəri şaquli. Göründüyü kimi, şəkil hazırlayarkən onun ölçüsü də əhəmiyyətlidir. Gəlin, ölçülərə də diqqət edək:

? Şəkillərin ölçüsü

İstifadə edəcəyimiz cihaz və ya saytdan asılı olaraq bizə müxtəlif ölçüdə şəkillər lazım olur. Ona görə də lazım olan ölçünü süni intellektə düzgün başa salmalıyıq. Bəzi Sİ saytlarına şəklin tərəflərinin nisbətini (Aspect Ratio) deməyimiz kifayət edir. Ən çox istifadə olunan nisbətlər bunlardır:

  • 1:1 (Kvadrat): Klassik Instagram postları üçün. ?
  • 16:9 (Horizontal/Üfiqi) geniş: YouTube videoları və ya saytların manşet şəkilləri üçün. ?️
  • 9:16 (Vertikal/Şaquli): Instagram Reels, TikTok və ya telefon divar kağızları (statuslar) üçün. ?

Prompt-da ölçünü necə qeyd edək?
Əgər saytın özündə ölçü seçmək paneli (məsələn, Sidebar-da) varsa (Leonardo.ai və s.), oradan seçmək daha etibarlıdır. Əgər yoxdursa, ölçünü mətndən sonra, xüsusi kodlarla qeyd etmək lazımdır. Promptun sonuna --ar 16:9 və ya --ar 9:16 əlavə edilir. Əgər Sİ modeliniz imkan verirsə, promptun sonuna konkret ölçünü də qeyd edə bilərsiniz: --size 1280x720 və ya ən sadə şəkildə Size: 1124x750 px əlavə edə bilərsiniz.

⚠️ Vacib qeyd: Bəzi süni intellekt saytlarında (məsələn, pulsuz versiyalarda) ölçünü dəyişmək imkanı olmur. Onlar standart olaraq 1:1 (kvadrat) şəkil verirlər. Belə hallarda şəkli sonradan kəsmək və ya “AI Expand” (Şəkli böyütmə) alətləri ilə genişləndirmək lazım gəlir ki, bu da işi artırmış olur.

Ən çox yayılmış standart ölçülər və təyinatları:

İstifadə məqsədiÖlçü NisbətiPrompt Kodu (Nümunə)
Instagram Post1:1--ar 1:1
YouTube Eskizi / Sayt16:9--ar 16:9
Telefon Ekranı / Story (status)9:16--ar 9:16
Klassik Fotoşəkil (3:2)3:2--ar 3:2

? Elan və Poster Hazırlamaq

Süni intellekt təkcə rəsm çəkmir, həm də sosial şəbəkələr üçün reklam posterləri hazırlaya bilir. Tutaq ki, bir kurs elanı hazırlayırıq:

Nümunə Mövzu: “Ofis Proqramları Təlimi” Yazmalı olduğumuz Prompt:

“A professional social media poster for ‘Office Programs Training’. A modern office desk with a laptop, a notebook, and a cup of coffee. Digital icons of Word, Excel, and PowerPoint floating around the laptop. Clean, professional, corporate style. Space for text on the right side. Bright and motivating colors.”

Bəzi Sİ proqramları hətta özündən sözlər də əlavə edə bilir mövzuya uyğun. Bunlar sadə posterlərdir. Daha çox prompt əlavə edərək daha mükəmməl posterlər hazırlaya bilərsiniz. Misal üçün: “qəbul üçün lazım olan sənədlər”, “yaş həddi”, “ilkin biliklər”, “ödəniş məbləği” və sair bunlar kimi sözlər də əlavə edə bilərik.

? Prompt Yazmağın “Blok” Metodu

Bir çox peşəkarlar prompt yazarkən onları vergüllərlə ayıraraq bloklar şəklində yazırlar. Bu, süni intellektə hər bir detalı ayrı-ayrılıqda “həzm etməyə” kömək edir. Yuxarıdakı kişi portretində bunu görə bilirik. Daha bir nümunə də təqdim edirik:

[Mövzu], [Arxa fon], [İşıqlandırma], [Kamera və Linza], [Üslub]

Gəlin tətbiq edək: A futuristic city in Caucasus mountains, snowy peaks, flying cars, golden hour lighting, wide angle lens, 8k, hyper-realistic, cinematic style.

Süni intellektə şəklin “ruhunu” izah etmək üçün düzgün janrlar seçmək lazımdır. Aşağıda ən çox istifadə olunan janrları və onların dilimizdə izahını təqdim edirəm. Bu sözləri promptun sonuna əlavə etmək kifayətdir:

Prompt üçün açar söz (İngiliscə)Azərbaycan dilində mənası / Təsviri
Photorealistic / Ultra realisticRealist: Fotoaparatla çəkilmiş kimi real, detallı görüntü.
Surrealism / SurrealSürreal: Yuxu kimi, qeyri-adi və məntiqdən kənar təsvirlər.
CyberpunkSayberpank: Yüksək texnologiya, neon işıqlar və gələcəyin şəhər mühiti.
Fantasy / DreamyFantastik: Nağılvari, sehrli məkanlar və əfsanəvi varlıqlar.
SteampunkStimpank: Buxar maşınları, dişli çarxlar və Viktoriya dövrü texnologiyası.
Anime / Manga styleAnime: Yapon cizgi filmləri və komiksləri üslubunda.
Pop ArtPop Art: Parlaq rənglər, komiks tərzində kəskin xətlər (Endi Uorhol üslubu).
MinimalistMinimalist: Sadə, təmiz, az detallı və fokuslanmış görüntü.
Isometric 3Dİzometrik 3D: Sanki yuxarıdan və yandan baxılan oyuncaq və ya maket görüntüsü.
Ukiyo-eUkiyo-e: Qədim Yapon ağac oyma sənəti üslubunda rəsmlər.
Sketch / Charcoal drawEskiz: Karandaş və ya kömür qələmlə çəkilmiş qaralama tərzində.
CinematicKinematoqrafik: Kino kadrı kimi, dramatik işıqlandırma və kölgəli.

Janrları aşağıdakı kimi yaza bilərsiniz:

"A mountain landscape, snowy peaks, Cyberpunk style, neon blue lights"

"Old woman portrait, Photorealistic, 8k, natural lighting"

Fikir verirsinizsə, promtlar yazılarkən aralarında vergül işarəsi qoyulub. Hər bir detaldan (blokdan) sonra vergül qoymaq süni intellektin həmin sözləri bir-birindən ayırmasına və hər birinə xüsusi diqqət yetirməsinə kömək edir. Adətən əsas mövzu əvvəldə, üslub və texniki detallar (janr, işıqlandırma, keyfiyyət) isə sonda yazılır. Süni intellekt üçün böyük və ya kiçik hərflə yazmağın heç bir fərqi yoxdur. Hamısını kiçiklə də yaza bilərsiniz.

?️ Hazır şəkil üzərində dəyişiklik: İnpainting və Outpainting

Bəzən süni intellekt möhtəşəm bir şəkil yaradır, amma kiçik bir detal xoşumuza gəlmir. Məsələn, səmadakı quşların sayını azaltmaq və ya masanın üzərinə bir fincan kofe əlavə etmək istəyirik. Bunun üçün iki sehrli üsul var:

  1. Inpainting (Daxili redaktə): Şəklin müəyyən bir hissəsini “pozursunuz” (seçirsiniz) və Sİ-yə həmin boşluğa nə yazacağını deyirsiniz.
    • Nümunə: Səmadakı quşları seçib “clear sky” (təmiz səma) yazırsınız və onlar yox olur. ?️?
  2. Outpainting (Çərçivədən kənara çıxma): Bu, şəklin kənarlarını genişləndirmək üçündür. Məsələn, bir portret şəklini Sİ-yə verib, onun arxa fonunu və ətrafını tamamlamasını istəyə bilərsiniz. Sanki kamera “zoom out” (geriyə çəkilmə) edir. ?️↔️

? Öz şəkillərimizdən istifadə: Image-to-Image

  • Süni intellektə təkcə sözlərlə deyil, həm də şəkillərlə tapşırıq verə bilərsiniz. Bu, “Image-to-Image” (Şəkildən şəkilə) adlanır.
  • Öz şəklinizi yükləyin: Məsələn, öz evinizin və ya həyətinizin şəklini Sİ-yə yükləyirsiniz.
  • Təlimat verin: Prompt hissəsinə “make it look like a winter wonderland” (buranı qış nağılına bənzət) yazırsınız.
  • Nəticə: Sİ sizin real şəkilinizin strukturunu saxlayaraq, onu tamamilə yeni bir üsluba salacaq. ?❄️

Bu funksiya xüsusilə köhnə şəkilləri bərpa etmək və ya öz fotolarınızı müxtəlif janrlarda (məsələn, özünüzü bir anime qəhrəmanına çevirmək) görmək üçün möhtəşəmdir.

⏳ Səbir və Təcrübə: İlk cəhddə alınmırsa, ruhdan düşməyin!

Süni intellekt nə qədər “ağıllı” olsa da, o sizin beyninizdəki rəsmi hələ ki tam görə bilmir. Bəzən istədiyiniz nəticəni almaq üçün janrı dəyişməli, bir sözü çıxarıb digərini əlavə etməli və ya işıqlandırma parametrini yenidən yazmalı olacaqsınız. ?

Unutmayın ki, Sİ ilə işləmək bir növ “dil öyrənmək” kimidir. Hər yeni cəhd (retry) sizə təcrübə qazandırır. Bəzən 5-ci və ya 10-cu cəhddə elə bir möhtəşəm əsər ortaya çıxır ki, Sİ-nin gücünə heyran qalmamaq mümkün olmur. Odur ki, fərqli saytları yoxlamaqdan və sözlərlə “oynamaqdan” çəkinməyin. Hər saytın öz “xarakteri” və vizual dili var.

? Pulsuz, yoxsa Pullu? (Limitlər haqqında)

Süni intellekt dünyasında imkanlar sonsuz olsa da, resurslar limitlidir. Bu xidmətləri təklif edən saytlar adətən iki modeldən istifadə edir:

  1. Pulsuz variantlar: Bir çox Sİ aləti bizə günlük müəyyən bir limit (məsələn, günə 15-20 şəkil) verir. Yeni başlayanlar və hobbi tərəfdarları üçün bu limitlər tamamilə kifayətdir və çox möhtəşəm nəticələr əldə etmək mümkündür. ?
  2. Pullu (Premium) variantlar: Əgər siz gün ərzində yüzlərlə şəkil hazırlamaq, daha sürətli nəticə almaq və bütün peşəkar funksiyalardan yararlanmaq istəyirsinizsə, aylıq abunəlik haqqı ödəməli olacaqsınız. ?

? Ən populyar Sİ saytları və proqramları

Şəkil dünyasına addım atmaq üçün ən çox istifadə olunan platformalar bunlardır:

  • Midjourney – Ən professional və bədii nəticələr (Pulludur, Discord üzərindən işləyir).
  • DALL-E 3 – ChatGPT-nin daxilində olan və Azərbaycan dilini ən yaxşı anlayan model.
  • Leonardo.ai – Gündəlik pulsuz limit verən, çox funksiyalı və rahat platforma.
  • Adobe Firefly – “Fotoşop”un yaradıcılarından peşəkar və sürətli Sİ.
  • Microsoft Designer (Bing Image Creator) – Tamamilə pulsuz və istifadəsi çox sadə.
  • Stable Diffusion – Daha çox peşəkarların, öz kompüterinə quraşdırıb istifadə etdiyi açıq qaynaqlı sistem.

? Ustad Məsləhəti: Təcrübəni Necə Artırmalı?

Süni intellekt dünyasında ən sürətli öyrənmə yolu başqalarının izi ilə getməkdir. Mənim uzun müddətdir bu sahədəki fəaliyyətim zamanı öyrəndiyim bir neçə qızıl qaydanı sizinlə bölüşmək istəyirəm:

1. “Oğurluq” deyil, öyrənmək: Başqalarının Promptlarına baxın!

Sİ saytlarının (məsələn, Leonardo.ai və ya Midjourney) ən gözəl cəhəti ondan ibarətdir ki, orada digər insanların hazırladığı şəkilləri görə bilirsiniz. Əgər bir şəkil çox xoşunuza gəlibsə, onun üzərinə vurun. Orada müəllifin həmin şəkli hansı sözlərlə (promptla) hazırladığı açıq şəkildə göstərilir. Onları kopyalayıb öz şəkillərinizdə sınaqdan keçirin, sözlərin yerini dəyişin. Bu, sizin təcrübənizi 10 qat daha sürətli artıracaq.

2. Şəkildən Sözə: Şəklin “Reseptini” Tapın

Bəzən internetdə maraqlı bir şəkil görürsünüz, amma onun hansı sözlərlə hazırlandığını bilmirsiniz. Bu zaman Sİ-dən kömək istəyin! Şəkli ChatGPT-yə və ya Midjourney-ə yükləyin və ondan: “Bu şəkli hazırlamaq üçün mənə bir prompt yaz” deyə xahiş edin. O, şəkli analiz edib sizə onun “söz reseptini” verəcək. Beləliklə, istədiyiniz tərzdə şəkillər hazırlamaq üçün əlinizdə hazır şablon olacaq.

3. Hazır Şablonlardan İstifadə Edin

İnternetdə, xüsusən də Telegram kanallarında və xüsusi saytlarda minlərlə hazır prompt şablonları paylaşılır. Mən də öz təcrübəmi sizinlə bölüşmək üçün:

  • Telegram kanalımda: Gündəlik maraqlı promptlar və şəkil nümunələri paylaşıram NeyroStudiya.
  • mehemmed.com: Yaxın zamanda saytımın daxilində xüsusi bir “Prompt Şablonları” səhifəsi açacağam ki, oradan hazır kodları kopyalayıb birbaşa istifadə edə biləsiniz.

Sözlərdən şəkillər düzəltmək və eləcə də süni intellektlə bağlı digər mövzularda sualınız və ya təklifiniz olsa, aşağıda rəy yerində qeyd edə bilərsiniz.

1522 dəfə cəmi, 4 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir